Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 17:21:00
Prezident mükafatçısı: “Fiziki məhdudiyyət heç nəyə əngəl deyil”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları veriləcək.

 

Prezident mükafatçılarından biri də anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Ağamirova Rəvanə Seymur qızıdır.

 

Onun ifa etdiyi "Ay Laçın" xalq mahnısı cəmiyyət arasında böyük şöhrət qazanıb.

 

Rəvanə Ağamirova AzEdu.az-a təəssüratlarını bölüşüb.

 

"Bu xəbəri eşidən zaman çox duyğulandım. Sevincimin həddi-hüdudu yox idi. Göstərilən bu etimad və diqqətə görə ilk növbədə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.

 

Bir ildən çoxdur ki, Dost İnkuliziv İnkişaf və Yaradıcılıq Mərkəzinə gəlirəm. Burada Vokal ixtisası üzrə bacarıqlarımı inkişaf etdirirəm. Tanınmağıma vəsilə olan müəllimim Humay Aslanovaya təşəkkürümü bildirirəm.

 

Gənclərə tövsiyəm budur ki, heç vaxt ruhdan düşməsinlər. Yəni cəmiyyətdən kənarlaşmaq yerinə, adaptasiya olsunlar. Cəmiyyətdə daim öz bacarıqlarını inkişaf etdirsinlər. Belə bir şüarı irəli sürərək demək istəyirəm ki, fiziki məhdudiyyət heç nəyə əngəl deyil. Əsas məsələ insanın qarşısına məqsəd qoyub, bacarıqlarını inkişaf etdirməklə öz sənətinə yiyələnə bilməsidir".