Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 16:37:17
Azərbaycan dilini bilən xarici tələbələr pulsuz təhsil alsın!

Son illərdə xarici dilə maraq artmaqdadır.Tələbələrin xarici dildə təhsil almağa, filmlərə baxmağa, mütaliə etməyə həvəsləri daha çoxdur. Əsasən ölkəmizdə ən çox istifadə olunan xarici dil ingilis dilidir.

 

Bəs görəsən, xarici dilə olan maraq öz ana dilimizin istifadəsinə necə təsir edir?  

 

Bu barədə Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a açıqlama verib.

 

“Paradoksal haldır ki, Amerika, İngiltərədə oxuyanlar Azərbaycana gələndə tədrisi həmin dildə keçir”,- deyə professor vurğulayıb: “Dilin qorunub, inkişaf etdirilməsi ilə bağlı xarici ölkələrin, eləcə də Polşa, Almaniyanın xüsusi təcrübəsi var. Bu təcrübəyə əsasən dövlət dilini bilən insanlar təhsil haqqından azad olunurlar. Ancaq biz yüksək balla qəbul olub tədrisi xarici dildə seçən şəxsləri də təhsil haqqından azad edirik. Məqsədimiz ana dilinin, milli ədəbiyyatın inkişafı olmalıdır. Yüksək balla qəbul olub tədrisi xarici dildə seçənlər təhsil haqlarını özləri verməlidir. Biz Azərbaycan dilini zənginləşdirməliyik. Dilin zənginləşməsi isə o zaman baş verir ki, həmin dildə elmi və texniki sözlər, ifadələr qəbul edilir. Bu sözləri  o vaxt qəbul etmək olar ki, xaricdə oxuyan vətəndaşlarımızın ölkəmizə qayıtdıqda tədrisi öz dilimizdə aparması halları artsın. Ədəbiyyatımızın zənginləşməsi üçün xarici ölkələrdə təhsil alan şəxslər qayıdanda öz biliklərini ana dilində tədris etməlidirlər.

 

Paradoksal haldır ki, Amerika, İngiltərədə oxuyanlarn müəllimlər Azərbaycana gələndə tədrisi o dildə keçir. Bu düzgün deyil. Əvvəllər Rusiyada oxuyanlar; Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov öyrəndiklərini ana dilində insanlara ötürürdülər”.

 

İqtisad elmləri doktoru qeyd edib ki, dilin tədrisini ölkələrlə iqisadi, mədəni əlaqələrimizə uyğun olaraq təkmilləşdirməliyik:

 

“Bu gün dünyada çeşidli dillərdən istifadə edilir. Biz isə sadəcə ingilis dilinə fokuslanmışıq. Çin,ispan, portuqal, eləcə də korea dili inkişaf edir. Biz də bu dillərin inkişafına istiqamətlənmiş proqramlar hazırlamalıyıq. Qloballaşmış dünyanın bir parçasıyıqsa, sadəcə 1 dilə üstünlük verməyimiz düzgün deyil.

 

İngilislər təkcə öz dillərini bildikləri üçün bir sıra problemlər yaşayırlar. Əvvəllər ruslarda da bu problem görülürdü, ancaq artıq Rusiya universitetlərində SSRİ-nin tabeliyində olan ölkələrin dillərinə uyğun kafedralar açılır, mədəni, iqtisadi əlaqələrin inkişafı ilə bağlı dillər öyrədilir. Dilin tədrisini ölkələrlə iqisadi, mədəni əlaqələrimizə uyğun olaraq təkmilləşdirməliyik. Hansı ölkələrlə gələcəkdə proqnozlaşdırılmış münasibətlərimiz olacaqsa, əmək bazarında o ölkələrlə əlaqələrimizin inkişafı naminə mütəxəssislər hazırlamalıyıq”.

 

Professor bildirib ki, bu gün elə bir ictimai rəy yaranıb ki, xarici dili bilən daha savadlıdır, ancaq bu düzgün yanaşma deyil:

 

“Öz dilimizin inkişafı naminə çalışmalıyıq. Bu dildə elmi ədəbiyyatın gücləndirilməsi üçün addımlar atmalıyıq. Bu gün Azərbaycanlı professor, Azərbaycanlı tələbəyə nəyə görə ingilis dilində tədris etməlidir? Etsin, amma ilk növbədə ana dilini mükəmməl tədris etsin.  Biz bəzən görürük ki, şəxs xarici dili yaxşı bilir, amma ana dilində ifadələri çatdıra bilmir.

 

Son vaxtlar bir qrup ali təhsil müəssisələri fəxr edir ki, bizim tədris dilimiz ingilis dilidir. Bu gün cəmiyyətdəki ictimai rəyə əsasən  xarici dili bilənlər daha savadlı hesab olunur, ancaq bu düzgün yanaşma deyil. Bağça açılır ilk gündən tədris ingilis dilində keçirilir. Tədqiqatlarıma əsasən deyə bilərəm ki, özəl bağçalar və məktəblər ingilis dilində tədris aparırlar. Buradan məzun olanların bir çoxu Azərbaycan ədəbiyyatından xəbərsizdir. Sonra da deyirik ki, teatra niyə getmirlər? Adamın teatra getməsi üçün milli dəyərlərdən, milli ədəbiyyatdan xəbəri olmalıdır.

 

Ruslar soruşur ki, sizdəki kitab evlərində niyə kitabların 90%-i rus dilindədir? Biz axı Azərbaycanda yaşayırıq. Bizim ədəbiyyatlarımız daha çox Azərbaycan dilində olmalıdır”.

 

Z.Məmmədov bildirib ki, Banqladeşdə yaşayıb Alman dilini bilən insan Almaniyada pulsuz oxuyur:

 

“Dünyada aktual olan əsas məsələ milli kimlikdir. Milli kimliyi olmayan ölkələr uçuruma gedir. Müxtəlif ölkələrin təcrübəsində bunu görürük. Ana dilinin inkişafı milli kimliyin qorunması istiqamətində atılacaq ən mühüm addımlardandır. Banqladeşdə yaşayıb Alman dilini bilən insan Almaniyada pulsuz oxuyur, belarus polyak dilində tədris alanda  təhsil haqqı ödəmir, amma o, Polşada ingilis dilində tədris alsa, o halda təhsil haqqı verir. Rusiyada, Danimarkada yaşayan, Azərbaycan dilini bilib, öyrənmək istəyənlərə qapıları açmalıyıq ki, gəlib bizdə təhsil haqqı vermədən oxusunlar. Bunun faydası odur ki, dilimizin inkişafı həmin tələbələrin ölkələrində yayılacaq, xalqımız, mədəniyyətimiz, ədəbiyyatımız, eləcə də teatrımız tanınacaq. Danimarkada olan insan Azərbaycan dilində təhsil alacaq və bu dildə yayımlanan jurnalları orada oxuyub, tərcümə edən olacaq, Azərbaycanın həyatında, iqtisadi yeniliklərindən həmin adam danışıb, yazacaq, tədqiqatçı olacaq. Polyak, danimarkalı və başqa millətlərin vətəndaşı öz vəsaiti hesabına ölkəmizə gəlsə,biz ondan vəsait qəbul etməməliyik. İngilis dilini Harvard, Oxford tədris edir, onsuz da onlara rəqib ola bilmərik. Buna görə də ana dilimizin inkişafını təbliğ etməliyik”.