Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 12:31:31
Bəxtiyar Aslanbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Xanım Daşdəmirova və Sübhan Əsgərzadə ilə mentorluq proqramının ilk görüşünü keçirib.

 

Müsabiqənin işçi qrupundan AzEdu.az-a bildirilib ki, Bəxtiyar Aslanbəyli qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və onların inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu bildirib. Vitse-prezident layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qaliblərinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra mentiləri ilə sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, onların layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini qeyd edib.

 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə mentorluq proqramı çərçivəsində Bəxtiyar Aslanbəyliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

 

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.