Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 09:18:00
Məktəblilər beynəlxalq olimpiadada uğur qazanıb

8-14 yanvar tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautikov olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.

 

AzEdu.az xəbər verir ki, Bakı Avropa Liseyinin laboratoriyalarında informatika fənni üzrə olimpiadaya onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medal əldə ediblər.

 

Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev və Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Ankara məktəb-liseyinin 10-cu sinif şagirdi Əli Əliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər. Xatırladaq ki, cari tədris ilində məktəblilərimiz sözügedən olimpiadada ancaq informatika fənni üzrə iştirak ediblər.

 

Məktəblilərimizi təbrik edir, onlara növbəti yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.

 

2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlıqlarında iştirak edən məktəblilərimiz ölkəmizi müxtəlif miqyaslı beynəlxalq elm yarışlarında uğurla təmsil edərək 3 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 58 medal qazanıblar.