Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 13:08:02
Harada nə gördük təhsilimizə tətbiq edirik...

“Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik.

 

Bu sözləri AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov qeyd edib.

 

Ekspertin sözlərinə görə həyatın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır:

 

“Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” ulu öndər Heydər Əliyevin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Məhz bu tövsiyə əsasında "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilib.

 

Təəsüf ki, “Proqram”ın qəbulundan keçən onilliklər ərzində obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsinə zəmin yarada biləcək bu mühüm müddəalara lazımi əhəmiyyət vermədik. “Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik. Bir çox hallarda nəzərə almadıq ki, yenilik etmək heç də köhnəni dağıtmaq yox, onu təkmilləşdirməkdir.

 

İstər Cümhuriyyət dövrü, istərsə də sovet dönəmi çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. Əsrə bərabər bu illər ərzində iqtisadiyyatda, təhsildə, mədəniyyət və incəsənətdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”, -deyə fikrini tamamlayıb.