Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-03 12:25:00
Azərbaycanda ali təhsillilərin sayı çox azdır

“Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil”

 

Bu fikiri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

 

Ekspert vurğulayıb ki, ali təhsil alanların sayını artırmaq lazımdır:


“Düzdür, biz elə bilirik ki, hamı diplomlu və işsizdir, amma belə deyil. Bütün hallarda cəmiyyətin ali təhsilli insanlarının sayı ümumi vətəndaşların ən azı 30 faizi olmalıdır. Bu rəqabətədavamlı və dayanıqlı iqtisadiyyat, keyfiyyətli xidmət sektoru və əsas da, mədəni cəmiyyətin formalaşdırılması üçün vacibdir. Kimsə düşünməsin ki, hə oxudu, diplom aldı, bəs iş necə olacaq? Əgər o canlı varlıq yaşayırsa, o ali təhsil alarsa, onun üçün daha yaxşı olacaq. Ali təhsilli insanların çox olduğu cəmiyyətlərdə cinayət halları minimum səviyyədə olur. Biz hələ ki, faizi qaldıraq, keyfiyyət ondan sonra düzələcək”.

 

K.Əsədov qeyd edib ki, rəsmi rəqəmlərə görə, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur:


“Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil. 2022-ci əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni, son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12% artıb. Ali təhsillilərlə yanaşı, hazırda ali təhsil müəssisələrində təhsil alanların sayına görə də, Azərbaycan nəinki inkişaf etmiş ölkələrdən, MDB ölkələrindən də geri qalır. Rəsmi rəqəmlərə görə, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur.


2022-ci əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabərdir. Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6% təşkil edir. Ali təhsil göstəriciləri bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. Əgər iqtisadi fəal qadınların cəmi 14%-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19%-ə bərabərdir”,- deyə fikrini yekunlaşdırıb.