Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 15:59:00
Bu universitetdə təhsil alan çinli tələbələrin sayı ilbəil artır  

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bu ali məktəbdə təhsil alan bir qrup çinli tələbə ilə görüşüb.

Universitetdən AzEdu.az-a bildiriblər ki, Şanxay Universitetinin nümayəndəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Çindəki təmsilçisi doktor Renying Linin iştirakı ilə keçən görüşdə M.Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsində əcnəbi tələbələr üçün yaradılan şərait, tədris imkanları və genişlənməkdə olan tələbə mübadiləsi prosesi barədə ətraflı məlumat verib.

Ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətini diqqətə çatdıran M.Babanlı ADNSU-da Çin ilə tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Universitetdə təhsil alan çinli gənclərin sayının ilbəil artdığını vurğulayan rektor Çinlə əlaqələrin inkişafı istiqamətində bir sıra yeni layihələrin olduğunu da bildirib.