Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 13:42:00
Akademiklər maaşlarının artımından danışdılar – “Alim ikinci işin dalınca qaçmaz, gecə-gündüz çalışar”

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Bu sərəncamla 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.

AzEdu.az  təhsil portalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərindən bir neçəsi ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışıb.

Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik Möhsün Nağısoylu bildirib ki, prezidentin yeni sərəncamı hamını sevindirib:

“Bu, elmə verilən qiymətdir. Bu baxımdan ölkə prezidentinə minnətdarlığımızı bildiririk. Çalışacağıq ki, bizə göstərilən etimadı hər zaman doğruldaq. Bu sərəncam bizə yeni impuls verir, yeni işlər görməyə həvəsləndirir. Elmin inkişafı naminə daha səmərəli fəaliyyət göstərməyə səy göstərəcəyik”.

Filologiya üzrə elmlər doktoru,  akademik, Folklor İnstitutunun direktoru Muxtar İmanov qeyd edib ki, yeni sərəncam ölkə başçısının, Azərbaycan dövlətinin elmə, elm adamlarına diqqət və qayğısı kimi qiymətləndirilməlidir:

“Hesab edirəm ki, bu, həm maddi, həm də mənəvi stimuldur və  elmlə məşğul olan adamların daha həvəslə işləməsinə, ciddi işlərlə məşğul olmasına səbəbdir. Bu istiqamətdə indiyə qədər də böyük işlər görülüb, bundan sonra da belə olacaq. Azərbaycan elmi dövlətin diqqəti və qayğısı sayəsində öz inkişafını sürətləndirəcək, daha ciddi nailiyyətlərə imza atacaq. Bunun vasitəsilə, elmimiz həm ölkədə, həm də dünyada özünü təsdiq edə bilər.

İndi oğlanlar elm sahəsinə çox az maraq göstərir. Bunun bir tərəfi həm də müəyyən problemlər, sıxıntılarla bağlıdır. Şükürlər olsun ki, müstəqil Azərbaycan dövləti sərəncamdan da  bəlli olduğu kimi, elmə diqqətlə yanaşır. Beləliklə,  zamanla problemlər də aradan qalxır, yəni gənclərin elmə marağı artır.  Yeni nəsil yaşlanmaqda olan nəsli əvəz etmək iqtidarındadır. Bu, olduqca vacib məsələdir. Nəsillər arasında mənəvi körpü olmalıdır. Yeni sərəncamın imzalanmasını da bu istiqamətdə dəyərləndirirəm. Azərbaycan elminin gələcəyi naminə irəliyə atılan addımı, növbəti addımlardan biri hesab edirəm. Cənab prezidentimizə  minnətdarlığımı bildirirəm”.

AMEA-nın müxbir üzvü, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov:

“Yeni sərəncam təbii ki, yaxşı qərardır. Lakin düşünürəm ki, bu, bütün elmi işçilərə aid olsaydı, daha gözəl  olardı.

Aydın məsələdir,  yaxşı maaş alandan sonra, elmi işçi ikinci işin dalınca qaçmaz, gecə də, gündüz də çalışar. Və nəticə qənaətbəxş olar”.