Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 13:31:00
Yeni nəsil kurikulum sisteminin hazırlanması ilə bağlı təkliflər gedir

2008-ci ildən etibarən ali təhsil müəssislərində kurikulum sistemi tətbiq olunmağa başladı. Sistem yarandığı vaxtdan bu günə qədər istər valideynlər, istərsə də şagird və tələbələr arasında narazılığa səbəb olub.  

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, kurikulum sistemi tətbiq olunandan bu günə qədər mütəmadi narazı fikirlər səslənirdi:

 

 

“Kurikulum sistemi təhsilin məzmunu ilə bağlı olan islahatdır. 1999-cu ildə Azərbaycan Respublikasının Təhsil proqramı qəbul olunarkən məzmunla bağlı vəzifələr irəli sürülüb. Lakin sonradan dünya təcrübəsinə istinad olaraq 2006-ci ildən ümumtəhsil məktəbinin milli konsepsiyası kimi qəbul olundu. 2008-2009-cu illərdən etibarən kurikulum sistemi bu günə kimi tətbiq olunmağa başlandı. Məsələ ondadır ki, bunu təkcə müəllimlər deyil, həm də keçmiş nazir Mikayıl Cabbarov və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin dilindən də səsləndirilib ki, “Biz bu məsələdə tələskənliyə yol verdik. Bununla bağlı kifayət qədər iş görmədik””.

 

N.İsrafilovun fikrincə kurikulum sistemi ali məktəblərdən başlamış olsaydı, daha düzgün olardı:

 

“Ali məktəblərdə oxuyan, gələcəkdə müəllim ixtisasına yiyələnənlər bu sistemin nə olduğunu başa düşməlidirlər. Elə oldu ki, bu sistem ilk olaraq məktəblərdən başladı. 2-3 il sonra ali məktəbi bitirən məzunların kurikulum sistemi ilə bağlı kifayət qədər təcrübəsi yox idi. Ona görə də bu istər müəllimlər arasında, istərsə də şagirdlər arasında narazılıqlara səbəb oldu. Kurikulum qədər narazılıqlara səbəb olan bəlkə də 2- ci təhsil sahəsi yoxdur. Bununla bağlı qiymətləndirmə meyarlarını Nazirlər Kabineti təsdiq edib”.

 

Son olaraq müsahibimiz qeyd edib ki, kurikulum sisteminin ləğv olunması mümkün deyil:  

 

“Bu sistem təhsildə müəyyən ağırlıqların əmələ gəlməsinə səbəb olur. Diaqnostik qiymətləndirmə summativlər,  BSQ və KSQ müəllimlərin öz əsas vəzifəsindən ayırır. Müəllimlər artıq kağız- kuğuzla məşğuldur. İbtidai siniflərdə summativlərin çıxarılması, yeni nəsil kurikulumun hazırlanması ilə bağlı təkliflər gedir. Kurikulum sisteminin ləğvindən söhbət belə gedə bilməz. Çünki bu sistem təhsilin məzmununa baxışdır. Ona görə də yeni nəsil kurikulum sistemi hazırlanmalıdır. Kurikulum təhsil proqramıdır. Əsas məsəslə ondan ibarətdir ki, bu sistem şəxsiyyətyönümlüdür. Təhsilin əsas vəzifəsi səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Bu gün təəssüflər olsun ki, kurikulum sistemində şəxsiyyət yönümlülük kənarda qalıb, təhsilin keyfiyyətini bilik ilə ölçürük. Bu istiqamətdə müəyyən işlər görülməldir”.