Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 09:19:00
PROQNOZ: “Müəllimlərə H1 və H2- yə görə verilən vəsait artırılacaq”

Müəllimlərin İşə Qəbulu imtahanından keçmiş, yaşayış yerindən müəyyən uzaqlıqda  fəaliyyət  göstərən müəllimləri həvəsləndirmək üçün əməkhaqlarına H1 və H2 tətbiq edilir. H1- rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə  20 km- dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub.

 

Bu müavinət 35 yaşa qədər və 5 il müddətində olmaqla müəllimlərə verilir.

 

Bəs görəsən, müavinətlərin 35 yaş həddinin olmağı və 5 ildən sonra kəsilməyinin  səbəbi nədir? 5 ildən sonra müəllimlərin əməkhaqlarına hansı kompensasiyalar tətbiq olunur?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, son 5 ildə Azərbaycanda 18 136 müəllim işə qəbul olunub. Bu müddətdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Bu müddət ərzində 12 minə yaxın müəllim üçün müxtəlif həvəsləndirmə tədbirləri tətbiq olunub. Hazırda ucqar kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə bir sıra həvəsləndirmə tədbirləri tətbiq olunur”.

 

K.Əsədov yaşayış yerindən uzaqda fəaliyyət göstərən müəllimlər üçün tətbiq olunan həvəsləndirmə tədbirlərinə nəzər salıb: “Həmin tədbirlər müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir. Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərin əməkhaqqlarına sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay 70 manat əlavə olunur”.

 

Ekspert qeyd edib ki, gələcək illərdə həvəsləndirmə tətbirlərinin həcmi genişləndiriləcək: “Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da nəzərdə tutulub ki, ucqar kənd məktəblərində işləyən müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirləri gücləndiriləcək.

 

Mövcud qanunvericilik aktları gənc müəllimlərə geniş imkanlar versə də, təəssüf ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr gənc müəllimlərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələri ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərmirlər. Son illər qeyd olunan məsələlərlə bağlı müraciətlərin çox az qisminə müsbət cavab verilib”.

 

Ekspert yaş həddinin 35-dən yuxarı qaldırılmasına ehtiyac olmadığını vurğulayıb: “Əlbətdə güzəştlərin 35 yaşa qədər nəzərdə tutulması müəyyən narazılıqlar doğurur. Amma mən hesab edirəm ki, bunun yuxarı yaş həddinə qaldırılmasına ehtiyac yoxdur. Çünki 35 yaşına qədər ancaq sosial yardımlara meyl edənlər şəxsi inkişafdan geri qalacaqlar. Özləri fərdi inkişafda maraqlı olmayacaqlar”.

 

K.Əsədov təklif edib ki, cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə çalışan müəllimlərin əmək haqqı digər dövlət orqanlarında olduğu kimi iki qat ödənsin: “Bundan başqa, rayonlarda yaşayan və işləyən kənardan gələn müəllimlər komunal xərclərdən azad edilsin. Hesab edirəm ki, bu addımın atılması daha effektiv olardı”.