Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 11:38:00
İxtisas seçimi keçid ballarının və kimlərinsə məsləhətlərinin ümidinə qalıb...

 Uzun illərdir universitetlərə ixtisas seçimi zamanı ən çox rastlaşdığımız problem valideynin abituriyentin seçiminə müdaxilə etməsidir. Hər ixtisas seçimi ərəfəsində ekspertlər tərəfindən  valideynlərə övladının seçiminə təsir və təzyiq etməməsi ilə bağlı çağırışlar olunur. Bunun əsas səbəbi isə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaqdır. 

 

Bəs ixtisas seçimində valideyn müdaxiləsinin hansı mənfi təsirləri var? Bu gələcəkdə hansı problemlərə yol aça bilər?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, gənclər  sevdiyi ixtisası seçmədiyi zaman yiyələnəcəyi peşəyə biganəlik göstərirlər:

 

“Universitetə qəbul olmaq hər bir məzunun və valideyninin arzusudur. Lakin universitetə qəbul olmaq nə qədər arzuolunandırsa, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. I kursda oxuyan tələbə daha sonra fikrini dəyişib, başqa universitetə transfer olunmaq barədə düşünür. Çünki düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdən biri hesab olunur. O da qaçılmazdır ki, onun bugünkü seçimi sabahkı həyatına təsirsiz ötüşməyəcək. Bir çox abituriyent ixtisas seçiminə səthi yanaşır və topladığı bal hara uyğundursa, heç fikirləşmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə olur. Abituriyent yüksək bal toplamasına rəğmən universitetə qəbul ola bilmir. Bu gün universitetlərdə təhsil alanların çoxu ixtisas seçərək qəbul olsalar da, məcburiyyət qarşısında qalaraq, ya təhsillərini davam etdirir, ya da digər alternativ yollar axtarırlar”.

 

Ekspert təəssüf hissi ilə qeyd edir ki, indiki halda ixtisas seçimi kimlərinsə məsləhətlərinin ümidinə qalıb:


“Bir vaxtlar kim hansı ixtisas üzrə təhsil alacaqdısa, əvvəlcədən müəyyən edir, müəllimlər və valideynlər də onlara dəstək verirdi. İndi isə ixtisas seçimi keçid ballarının və kimlərinsə məsləhətlərinin ümidinə qalıb. Heç də təsadüfü deyil ki, elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə toxunarkən etiraf edib ki, indi “hüquqşünas olmaq istəyən sonda tarixçi, yaxud həkim olmaq istəyən bioloq olur. O da danılmaz faktdır ki, gənclərə daha çox valideynlər basqı edirlər. Bu da təbiidir, çünki hər bir valideyn öz övladının gələcəyini onun ali təhsil almasında, diplom sahibi olmasında görür. Övladlarına “filankəsin övladı xaricdə təhsil alır, sən heç burda da universitetə daxil ola bilmədin” kimi valideyn tənələrinin az şahidi olmamışıq. "Təki diplom olsun, qonum-qonşunun yanında başımız uca olsun", deyən bir çox valideynlər öz övladlarını onların arzusuna uyğun düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmamaq əvəzinə, övladlarının seçiminə müdaxilə edir, yalnız bu müdaxilənin ağır nəticələrini gördükdən sonra peşmançılıq çəkirlər ki, bu zaman da artıq gec olur.

 

Son olaraq ekspert vurğulayıb ki, ixtisas seçimi zamanı problemli məqamların yaranmasında valideynlərin payı böyükdür:

 

“Təəssüflər olsun ki, bəzi valideynlər övladının seçiminə etiraz edirlər və “sən məhz bu ixtisası seçməlisən” deyə təzyiq göstərirlər. Bunun nəticəsində isə abituriyent sevmədiyi ixtisasa qəbul olur və sevmədiyi peşəyə yiyələnir. Buna görə də ən etibarlı və güvənli seçim məzunun öz seçimidir. Bu il olmaz gələn il olar. Necə deyərlər gec olsun, güc olmasın. Bununla belə ixtisas seçimində yenə də problemli məqamlar qalmaqdadır. Burada da məzundan çox, valideynlər günahkardır. Hesab edirəm ki, nə qədər ki, abituriyent tərəfindən ixtisas seçimində valideynlərin və digərlərinin müdaxilələrinə yol veriləcək, bu sahədə müsbət gözləntilərimiz də gözlənilməyəcək”.