Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 09:29:00
Sertifikasiyadan yüksək bal toplayan müəllim :“Suallar 4-cü sinif səviyyəsində idi”

Məlum olduğu kimi, avqustun 31-də könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan müəllimlər sertifikasiya müsabiqəsindən keçdilər. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, təhsilverənlərin 53 nəfəri 60 və yuxarı yaşda olanlardır ki, həmin müəllimlərin 7-si 51-dən yuxarı bal toplayıb.


Onlardan biri də Rahibə İsayevadır.

 

 

Belə ki, ibtidai sinif müəllimi olan R. İsayevanın 63 yaşı var. O, sertifikasiya imtahanında iştirak edərək 54 bal toplayıb.

 

 

AzEdu.az-a müsahibə verən müəllimin sözlərinə görə sertifikasiya imtahanı onun üçün çox asan keçib.

 

 

Müsahibəni təqdim edirik:

 

- Rahibə müəllim, neçə ildir ki, təhsilverən kimi fəaliyyət göstərirsiniz?

 

- Artıq 43 il tamam olub....

 

- Sizdə sertifikasiya imtahanı öncəsi və sonrası həyəcan var idimi?

 

- Düzünü desəm, imtahandan öncə tez-tez həyəcanlanır, qorxu hissi keçirirdim. Lakin imtahan günü heç belə bir şey yaşamadım. Çox rahat bir şəkildə sualları cavablandırıb, yüksək nəticə göstərdim.

 

- Sualların tərtibatı sizin üçün asan idi, yoxsa çətin?

 

- İxtisasıma aid olan suallar maksimum dərəcədə asan idi. Hətta deyə bilərəm ki, 4-cü sinifdə yaxşı oxuyan bir şagird həmin sualları doğru cavablandıra bilər. Yalnız kurikulum və Azərbaycan dilindən düşən mətnlər düşündürücü idi. Amma onlara da “çox çətin” demək olmaz. Sertifikasiya suallarını cavablandırmaq heç 1 saatımı almadı.

 

- Bəs səhvləriniz hansı suallarda oldu?

 

- Kurikulum və ixtisas suallarının hər birindən 3 səhvim var idi. Fikirləşirəm ki, ixtisas suallarından səhv etdiyim məqam elə mətn ilə bağlıdır.

 

- Yekun nəticəniz gözləntinizi qarşıladı?

 

- Bəzi suallar mənə bir qədər çətin gəldi. Bu səbəbdən, balımın daha aşağı olacağını düşünürdüm. 54 bal toplayacağımı gözləmirdim...

 

- Sertifikasiyaya hazırlaşmaq üçün xüsusi olaraq nə edirdiniz?

 

- İmtahana hazırlaşmaq üçün heç bir dəstək almamışam. Təkcə həm MİQ, həm də sertifikasiya səviyyəsində onlayn sınaqlara qoşulurdum. Həmin sınaqlardan da 57-58 bal toplayırdım.

 

- Bildiyiniz kimi, bu imtahanda iştirak etməmə hüququnuz da var idi...

 

- Düzdür, amma mənim müxtəlif imtahanlarda, müsabiqələrdə iştirak etməyə böyük marağım var. Sertifikasiya imtahanına getməsəydim, bu həmişə mənim ürəyimdə qalacaqdı. “Əgər iştirak etsəydim neçə bal yığardım?”, “Görəsən suallar necə düşmüşdü?” və s. kimi suallar məni narahat edəcəkdi. İmtahanlarda iştirak etmək mənim üçün hobbi kimidir. Qısaca desəm, sırf özümü doğrultmaq üçün sertifikasiya müsabiqəsinə qatıldım.

 

- Sertifikasiyanın müsahibə mərhələsində nəticəninizi necə gözləyirsiniz?

 

- Müsahibə mərhələsi çox ürəyimcə keçdi. Nəticələr hələ açıqlanmasa da, yaxşı olduğundan əminəm.