Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 16:15:00
Tənqid: “MİQ - dən yüksək bal toplayanlar sinfi idarə edə bilmir”

“Ali təhsil müəssisələrinə qəbul olan mütəxəsislərin 4 il sonra sadəcə 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov tələbələrin işsizlik probleminin əsas səbəblərinə münasibət bildirərkən deyib.

 

Ekspert qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri əmək bazarının tələblərinə cavab vermir:

 

“Qeyd etmək lazımdır  ki,  Azərbaycan dünyada oxuma və yazma səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir – 99.8%. Hansı ki, bu rəqəm Avropa ölkəsi olan Yunanıstanda 97.9%, ən inkşaf etmiş dövlətlərdən biri Sinqapurda 97.3%, bizim kimi neftlə zəngin olan ölkə Nigeriyada 62%, Hindistanda 74.4%, texnologiya nəhənglərinin müasir vətəni Çində 96.8% və s. təşkil edir. Müstəqillik dövrünün ilk illərindən təhsildə bir sıra yeniliklər tətbiq edildi və post-sovet təhsil sistemində islahatlar aparıldı. Test və kurikulum sistemlərinin tətbiqi, dövlət sifarişi əsasında təhsil, fərqli layihələr buna misal ola bilər. Bu təhsil sisteminin məzunu olaraq indi bəzi boşluqların olduğunu, bəzi dəyişikliklərin gərəkdiyinin vacib olduğunu görürük”.

 

Müsahibimizin sözlərinə görə, yalnız əmək bazarının tələblərinə uyğun ixtisaslar yaradılmalıdır :

 

“Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Bunun əsas səbəbi isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmamasıdır. Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəsissələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır”.

 

Həmsöhbətimiz son 22 ildə ölkədə təhsil almaq istəyənlərin sayının artdığını qeyd edib:

 

“2022-ci ildə ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Onların 15 min 943-ü I qrup, 11 min 558-i II qrup, 13 min 949-u III, 3 mi 690-ı IV qrup, 3 min 701-i isə V qrup üzrə təhsil alanlardır. Ümumilikdə ali məktəbə qəbul olanların 104678-i qadın olub. Bu da ötən illərlə müqayisədə kifayət qədər yüksəkdir. 2000-2001-ci ildə bu rəqəm 49 min 858, 2005-2006-cı ildə 62 min 22, 2010-2011-ci ildə 65 min 112, 2015-2016-cı ildə bu rəqəm 78 min 662, 2020-2021-ci ildə isə 97 min 163 olub. 2020-ci illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub. Son 22 ildə ölkədə ali təhsil almaq istəyənlərin sayı artıb. Belə ki, 2000-2001-ci ildə 119 min 683 nəfər, 2005-2006-cı ildə 129 min 948, 2020-2011-ci ildə 140 min 241, 2015-2016-cı idə 161 min 234, 2020-2021-ci ildə 198 min 707, 2021-2022-ci ildə isə 212 min 173 nəfər ali təhsil müəssisələrinə qəbul olub”.

 

K.Əsədovun sözlərinə görə, yüksək bal toplayan müəllim sinfi idarə edə bilmir:

 

“Bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəsislərin 4 il sonra sadəcə 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır. Müəllimlərin işə qəbul imtahanı zamanı pedoqoji ixtisası bitirən şəxs yüksək bal toplayır, amma o sinifi idarə etməyi bacarmır. Çox təəssüf ki, hazırda Azərbaycanda orta məktəb dövründə şagirdlərdən tələb olunan və əzbərə əsaslanan 11 illik dərs sisteminin əsas məqsədi sadəcə şagirdi anlamını belə bilmədiyi, sadəcə onun üçün asan və ya haqqında müəyyən dərəcədə məlumatının olduğu ixtisas üzrə universitetə qəbul olmasına nail olmaqdır. 11 illik təhsilin ilk illərində gərəkli ilkin biliklər verilir və bir nöqtədən sonra tələbənin fokusu illər sonra olacaq 3 saatlıq bir imtahana yönəlir, sadəcə 5 fəndən ibarət olan bir çərçivəyə salınır (bu illər ərzində tətbiq olunan dərs vəsaitləri, metodik vəsaitlərin keyfiyyəti də başqa müzakirə mövzusudur). Növbəti mərhələdə ali təhsil müəssisələri gəlir və burda da uzunmüddətli dövrdə qarşımıza çıxan fərqli problemlər üzə çıxır. Hazırda Azərbaycanda 40 dövlət və 12 özəl universitet var”.

 

Ekspert düşünür ki, təhsil sistemi tələbəyə, onun bilik və bacarıqlarının hər tərəfli inkişafına xidmət etməli, əzbər əsaslı yox, praktiki biliklərə əsaslanan və uzunmüddətli dövrdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına xidmət etməlidir:

 

“Hazırda dövlət və qeyri-dövlət ali təhsil müəssisələri, elmi təşkilatlarda təhsil alanların sayı təxminən 200.000 nəfərdir. Bunların hər biri bir neçə il sonra əmək bazarına daxil olacaq ixtisaslı kadrlardır. Məsələ ondadır ki, xüsusilə özəl sektorda iş imkanlarının yüksək əksəriyyətinin paytaxtda mövcud olduğunu nəzərə alsaq, ali təhsil müəssisələrinin məzunları iş imkanları üçün burda toplandığını və bu da ölkənin kiçik bir hissəsində yüksək rəqabət mühiti yaratmış olacaq. Rəqabət yaxşıdır, ancaq təhsil sisteminin əmək bazarının tələblərini nəzərə almadan kadr yetişdirməsi kəmiyyət və keyfiyyət fərqləri yaradır. Bu sadə bir iqtisadi qanundur: tələb və təklif=> çox sayda ixtisaslı kadr->yüksək rəqabət->aşağı əməkhaqqı. Son akademik ildə Azərbaycandan 975 nəfər fərqli ixtisaslar üzrə təhsil üçün xaricə üz tutmuşdur. Əslində bu yaxşı bir statistika olmalıdır, çünki xaricdə təhsil almış tələbə fərqli təcrübə və bacarıqları özündə cəmləşdirə, ölkə üçün çox dəyərli kadr rolunu oynaya bilər. Amma əgər əmək bazarı fərqli səbəblərdən gözləntiləri qarşılaya, özü özünü yaxşıya doğru tənzimləyə bilmirsə o zaman bu kadrlar başqa ölkələrə üz tutmalı olurlar”.

 

Kamran Əsədov xarici təcrübəyə nəzər salaraq vurğulayıb ki,  ABŞ-da dövlət bir tələbənin orta məktəb dövründə təhsili üçün ortalama olaraq hər il 14.000 dollar, ali təhsil təhsili üçün 35.000 dollar xərclədiyi, OECD ölkələrində isə orta və ali təhsil üçün bu rəqəmlərin uyğun olaraq 10.000 və 17.000 dollar olduğu hesablanıb:

 

“İnsan çox dəyərli bir kapitaldır. Və yaşadığımız cəmiyyətin hər tərəfli inkişafı üçün bu kapitala ehtiyacımız var. Bir sıra dövlətlər ixtisaslı kadrları yuxarıda qeyd etdiyim yüksək xərcləri çəkmədən cəlb etmək üçün fərqli siyasətlərə əl atırlar. Kanada, İsveçrə buna ən yaxşı nümunələr ola bilər. Yerli kadr sayı kifayət etmədiyi üçün hər il əmək bazarının tələblərinə uyğun olaraq müəyyən say limiti daxilində fərqli sahələrdə ixtisaslaşmış kadrlar üçün öz sərhədlərini açırlar. Burda keyfiyyətli təhsil sistemi və bazarda mövcud “görünməz əl” öz funksiyalarını yerinə yetirmiş olurlar. Hesab edirəm ki, iqtisadiyyatın tələbi nəzərə alınmalıdır. Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir. Bu sahədə kredit siyasəti konkret olaraq iqtisadi tələblərə cavab verməli, əmək bazarındakı mövcud vəziyyətə uyğun həyata keçirilməlidir. Ali təhsil ocaqlarının missiyası lazım gəldi, gəlmədi məzun buraxmaqdır. Əmək bazarı dolub daşır”.

 

Esmira Əliyeva