Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 17:25:00
Ömrünün 44 ilini məktəbə həsr edən “Fədakar müəllim”...

Sevdiyi işi görmək üçün illərini həmin peşə uğrunda fəda edən insanlar var. Müəllim peşəsi də həmin peşələr sırasındadır. Şagirdlərinə bilik vermək, onları savadlı kadr kimi hazırlamaq, vətənpərvər ruhda böyütmək hər bir müəllim üçün qürur mənbəyidir.

 

AzEdu.az  təhsil portalı olaraq “Fədakar müəllim” rubrikası altında fədakarlığı ilə seçilən müəllimlərdən silsilə müsahibələr təqdim etmişik.

 

Budəfəki müsahibimiz sosial şəbəkələrdə görüntüləri yayımlanan,  44 il işlədiyi məktəbdən müəllim-şagird kollektivi tərəfindən böyük izdihamla ayrılan Kimya müəllimi Dilşad Mustafayevadır.

 

- Dilşad müəllim, özünüzü oxucularımıza təqdim etməyinizi istərdik...

 

- Mən, Mustafayeva Dilşad Hacıömər qızı. Qax şəhəri İlisu kəndində anadan olmuşam. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşam. 1977-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişəm. Elə həmin ildə Qax rayon 1 nömrəli (indiki 4 nömrəli) məktəbdə fəaliyyətə başlamışam. İki il həmin məktəbdə işlədikdən sonra Qax şəhər şəhid Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə 44 il müəllim kimi fəaliyyət göstərmişəm. 1986-cı ildə “Metodist müəllim” adıyla, 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşam. 2008-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2010-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşam. 

 

- Bu məktəbə ilk dəfə təyin olunduğunuz gün keçirtdiyiniz hissləri xatırlayırsınız?

 

Bəli, xatırlayıram. İlk dəfə məktəbə getdiyim gün həm fərəhli, həm də həyəcanlıydım. Düşünürdüm ki, görəsən kimya və biologiyanı şagirdlərə sevdirə biləcəyəmmi ? Çünki  bu ixtisasa sevərək daxil olmuşdum.

İlk dərs gününün sonunda mən artıq qürurlanırdım ki, şagirdlərlə uyğunlaşa bilmişdik. Həmin gündən etibarən bütün varlığımla onlara bağlanmışam. Müəllimlik illərini həyatımın ən mənalı illəri hesab edirəm. 

 

- Əvvəl işlədiyiniz məktəbi  sonradan dəyişməyinizin səbəbi nə olub ?

 

- Yeni məktəb tikiləndə bizim əvvəlki direktorumuz mərhum Şəkər Abdullayeva həmin məktəbə təyin olundu. O, qiymət verdiyi müəllimləri yenidən öz ətrafında görmək istədiyini bildirdi. Eləcə də mən həmin vaxtdan məktəbi dəyişdim.

 

- Şagirdlərlə münasibətiniz necə idi?

 

Şagirdlərlə müəllimlikdən əlavə dost olmuşam. İllər ərzində dərs keçdiyim şagirdlərin əksəriyyəti IV ixtisas qrupuna sənəd veriblər. Məzun şagirdlərim arasından yetişdirdiyim bir çox həkimlərimiz olub. İşlədiyim illərdə şagirdlərdən 11-i biologiya fənni üzrə  olimpiyada qalibi olub. Onlar həmişə əməyimi yüksək qiymətləndirib.

 

- 44 il ərzində məktəbi dəyişməyi düşünmüsünüz ? Bu məktəbdə uzun müddət işləməyinizə səbəb nə idi?

 

- Xeyr, heç vaxt. Dəfələrlə müxtəlif yerlərdən təkliflər gəlsə də, çalışdığım məktəbi dəyişməyi fikirləşmədim. Direktorumuza olan sevgi məni bu məktəbdə işləməyə cəlb etdi.

 

- Məktəbdən ayrılarkən hansı hissləri keçirtdiniz?

 

- İlk təyin olunduğum gün gözümün qabağından keçdi. 1979-cu ildə məktəb açılanda ilk dərs dediyim şagirdləri xatırladım.

 

Məktəb şəhid Namiq Allahverdiyev adınadır. Həmin məzuna dərs demişdiniz?

 

- Namiq mənim şagirdim olub. Onunla bağlı bağlı çox gözəl xatirələrim var. Oxumağa meyilli, nizam-intizamlı, müəllimlərə hörmət edən, dostları ilə mehriban  şagird idi. Təəssüf ki, Namiq məktəbi bitirəndən sonra ali məktəbə qəbul ola bilmədi. Hərbi xidmətə yollandı. I Qarabağ müharibəsində şəhid oldu.  Sonrakı illərdə qardaşları da bizim məktəbdə oxudular. Onun adını qardaşları ucaltdılar.

 

-Uzun pedaqoji fəaliyyətinizə əsasən müəllimlərə nə kimi tövsiyələr vermək istərdiniz?

 

-Hər müəllim öz üzərində çalışsın. Öz fənnini şagirdlərinə sevdirə bilsin. Lazım olduqda şagirdə cəza verməyi də, onun qayğısına qalmağı da bilsin.

 

https://youtube.com/shorts/xlnq4w_2hOA?si=N-jbroqJXyDcJ5zh

 

Sifayə Abbas