Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 11:39:38
Hər kəsin dəyəri gözündə böyütdüyün qədərdir – Leyla Camal yazır

 

Kimsəyə gərəyindən artıq anlam yükləmə. Hər kəsin dəyəri gözündə böyütdüyün qədərdir. Sən icazə verdiyin qədər tanıya bilərlər səni ancaq. Sən imkan verdiyin qədər üzə bilərlər səni. Kimsəyə bu fürsəti vermə. Gülümsə, təbəssümün şüaları kor etsin gözləri. Nəyə güldüyünü anlamağa fürsət vermədən dünyanın mərkəzi ol. Burax ətrafındakı hər şey səndən ilhamlasın.

 

Bu həyatda silinməyəcək insan, unudulmayacaq xatirə yoxdur. Hər şey sadəcə beyin işidir. Həyatdakı yeganə əvəzolunmaz və dəyərli olan sənsən. Özünü sev, kitab oxu, özünə aşiq ol. İtinlə gəzməyə çıx. Sonra bir musiqi aç və dünyanı səssizə al. Burax musiqi sənin demək istədiklərini pıçıldasın.

 

İnsanlarmı? Boş ver. Var və olacaqlar. Bəzən pıçıltının gurultusundan bəzən də hayqırışlarının pıçıltısından gileylənəcəklər. Elə hey axtaracaqlar. Özlərində görməmək üçün dəridən qabıqdan çıxdıqları qüsurları səndə lupa ilə axtaracaqlar. Qısqanacaqlar, kiçicik uğurların belə ox olub batacaq ürəklərinə. Gülün tikanını sorğulayıb uğursuzluqlarına don geyindirəcəklər.

 

Paxıllarmı? Onlarla heç işin olmasın. Kirli qəlbləri onsuzda ən ağır dərddir. Bir də sən yüklənmə.

Bu həyatda ən çox kürəyini sığallayandan qorx. Çünki xəncər üçün əlverişli yer axtarır.

 

Hə bir də "sevirmiş" kimi davrananlardan. Onlardan daha təhlükəlisi yoxdur. Mənfəəti bitincə rolları da dəyişəcək. Sən insanların həyatında onlara yararlı olduğun müddətcə dəyərlisən. Ehtiyacları bitincə "sevgi"ləri də tükənər.

 

Heç bir canlı əlindəki yeməkdən daha yaxşısını tapana kimi yeməyini atmaz. Biri sənə qarşı dəyişməyə başlayıbsa, diqqəti azalıbsa, təbrik edirəm sən artıq onun üçün bir seçimsən. Ehtiyatda qalıb qalmamaq qürur işidir.

 

Qeyd üçün deyim ki, kimsə göründüyü qədər məşğul deyildir. Sadəcə sənə ayıracaq zamanı yoxdur. Ya da həvəsi... Hə bir də, kimsə səni üzürsə, diqqətini əsirgəyirsə, inanki xoşbəxt etdiyi başqası vardır.

 

Bir insan səni nəyin üzdüyünü bilə bilə təkrarlayırsa eyni səhvi, təəssüf ki səni çoxdan gözdən çıxarıb. İnsan ən bahalı vazasını tozdan belə qoruyar.

Bəzən buraxmaq lazımdır, birdəfəlik. Sənə ağrı verən hər şeyi, hər kəsi. Buraxa biləcək qədər güclü olmalı insan. Dartaraq yapışdığın kəndir zamanla əlini qanadacaq. Qanqren olmuş barmağı vaxtında kəsməzsən, axırda qolunu itirərsən.

 

Gözəl olmalısan. Həm də heç olmadığın qədər. Ən gözəl libasına bürün, ən gözəl ətirlərini çək. Yaxınlaş. Güzgüdən sənə göz qırpan qıza gülümsə. Ona yaxşı davran. Çox sev. Çünki o sənin ömürlük yol yoldaşın, yeganə sirdaşındır. Bu həyatda səni ondan çox sevəcək kimsə yoxdur. Elə isə Sezarın haqqı Sezara.

 

Pəncərəni aç və var gücünlə qışqır: "Həyat, səni sevirəm" deyə. Bir səs gəldi uzaqdan. Bəli, doğru eşidirsən. Bu exodur. Həyat sənin düşüncələrindən ibarətdir. Əks sədan səndən asılıdır. Gözəl cümlələr yaz beyninə.

 

Bugün dünəndən daha gözəl. Ən gözəli isə sənsən. Günəş, təbiət, heyvanlar, quşlar hamısı bayırda səni gözləyir. Qollarını geniş aç və günəşi qucaqla. Rəqs et... Bəli elə küçədə... Ən sevdiyin mahnını zümzümə et...

Ətrafdakılar? Düşünməyə dəyərmi? Əsas beynindəki balaca uşağın sevinc çığırtılarıdır.

 

Və yeni bir gün. Bax, günəş yenə doğuldu. Quşlar necə cəh cəh vurur. Şanslısan, bir gün daha qazandın. Dolu dolu yaşamaq üçün nə gözləyirsən?

Özünlə vaxt keçirt. İnan bu hər kəsdən daha əyləncəlidir. Bugün hansı kitabı oxuyacaqsan? "Sirr"i oxu, məncə. Nəyə qadir olduğunun daha yaxşı fərqinə varacaqsan. Sən güclüsən, hər şeyi edəcək qədər qüdrətli. İnan düşündüyündən daha çox şey bacarırsan. Elə isə... Başlamaq üçün gecikmirsənmi? Həyat bir gündür. O da bu gündür. Bugünü son gününmüş kimi yaşa.

 

Nə qədər güclü olduğunun fərqinə vardığın zaman kimsəyə ehtiyacın olmadığını anlayacaqsan. Səni ən çox sən sevər, ən çox sən qədrini bilərsən. Elə isə özünə sarılmağın vaxtı gəlmədimi?!

 

Unutma, bu dünyadan daha bir sən bir də keçməyəcək. İz qoymadan keçmək haqsızlıq olmazmı?

Sən ən möhtəşəm varlığın güzgüdəki əksisən. Qədrini bil, özünü sev, gücünə inan. Unutma insanlar səni ancaq seyr etmək üçün var. Onların vəzifəsi sənə yoldaşlıq etməkdir. Başqa da heç nə. Böyütmə gözündə. Yorulanları uyğun dayanacaqda yola sal. Üzünü güldürən, sənə özünü yaxşı hiss etdirənlərin əlindən tut. Yolun uzundur.

 

İncimək anlam yükləməkdir. Əslində kimsə sənə xəyal qırıqlığı yaşatmır. Sən yalnış insanlardan gözləntilər yaradırsan. Axarına burax. Möcüzələr gözləmədiyin anda baş verir. Ruhunun oxuduğu mahnıya rəqs edənlərlə yeriməkdən daha gözəli varsa, o da səni itirməkdən qorxan insanlar.

 

Tez - tez xatırla. Kimsə heç nəyi yanlışlıqla etməz. Hər kəs hər şeyin fərqində. Qırıldınsa, səssizcə uzaqlaş. Çabalasınlar. Qazansalar, nə əla. Əks halda məsafə qoy. Əsla aşıb çata bilməsinlər.

 

Hər şeyi bil, amma xəbərin yoxmuş kimi davran. Harda axmağı oynamağın lazım olduğunu bilirsənsə, yetərincə ağıllısan deməkdir. Doğrunu bildiyin halda yalanı dinləmək həzzini qaçırma. Canlı film izləmək az insana nəsib olur.

 

Və bir arzu tut. Yum gözlərini. Özünü arzunu yaşarkən xəyal et. Və düşün. Cəmi bircə addım qaldı. Sabah oyananda qolunu sınmış görsən sevin. Çünki Allah sənə qanad hazırlayır. Şükr etməyi bilərsənsə ən yaxşısı sənə gələr. Ən doğrusunu Yaradana burax. O səni səndən daha çox düşünür.

 

Bir şeyi tez tez xatırla. Bir gün incəcik göz qapaqlarını aça bilməyəcək qədər acizsən. Dəyərmi insanları dərd etməyə???

 

LEYLA CAMAL