Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 11:14:00
Sertifikasiya alqışlandı: “Hədəfimiz təhsilli cəmiyyətdir”

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.

 

Bu məsələ sosial şəbəkələrdə fikirlərin haçalanmasına səbəb olub. Bəziləri işdən çıxarılan müəllimlərin maddi vəziyyətini əsas gətirərək, bunun doğru bir qərar olmadığını iddia edir, bəziləri isə keyfiyyətli tədrisin həyata keçirilməsi, şagirdlərin savadlı müəllimlərdən dərs alması aspektindən yanaşaraq, bunun gərəkli addım olduğu fikrini müdafiə edir.

 

 

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı öz rəyini bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, sertifikasiya prosesi alqışalayiqdir:

 

 

“Müəllimlər üçün sertifikasiyanın nəticəsi açıqlandıqdan sonra İctimai Şuraya bir çox suallar ünvanlanır və müəyyən rəylər istənilir. Sertifikasiya ilə bağlı proses başlayanda da qeyd etdiyimiz kimi, bu proses təqdirəlayiqdir. Hər kəs övladlarına ən yaxşı müəllimlərin dərs keçməyini istəyir, deyim ki, özünə güvənən və savadlı müəllimlər artıq sertifikasiyadan keçib. Tənqid inkişafa səbəb ola bilir, amma nəzərə alaq ki, ilk sınaqda uğurlu nəticə göstərməyən hər kəsə 1 il vaxt verildi, bu heç də az müddət deyil”.

 

 

G.Səfərovanın sözlərinə görə təhsildə ən əsas məsələ şagirddir:

 

“Əminəm ki, təkcə orta ümumtəhsildə yox, ali təhsildə də təhsilin keyfiyyəti artacaq, müəllim peşəsinə ən yaxşılar yiyələnəcək. Güclü dövlət, rifahlı gələcək, yüksək yaşam, bir sözlə, hər şey təhsilə bağlıdır. Təhsilli cəmiyyət uğurlu dövlətin açarıdır. Hamımızın istəyi təhsilli cəmiyyətdir. O cəmiyyəti birgə qurmalıyıq. Hər kəs təhsil üçün çalışsa, hədəfə çatarıq və hədəfimiz təhsilli cəmiyyətdir”.