Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 15:30:00
Şəhidin oğluna son sözü: “..qayıda bilməsəm, diplomlarınızı məzarımın üstünə qoyarsınız”

Ötən gün ali təhsil müəssisələrinə ixtisas seçiminin cavabları açıqlandı. 51941 abituriyent tələbə adını qazanıb. Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Nail Orucovun oğlu Əlihəsən Orucovdur.

 

Belə ki, o, Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub.

 

Qeyd edək ki, şəhidimizin oğlu ilə yanaşı, həyat yoldaşı da tələbə adını qazanıb. Nigar Orucova Bakı Dövlət Universitetinin Rus dili və filologiyası ixtisasına qəbul alıb.

 

Tələbə adını qazanması münasibətilə AzEdu.az-a danışan Əlihəsən Orucov universitetə qəbul olunmağın onun üçün daşıdığı önəmdən söz açdı:

 

“Bu ixtisası əvvəlcədən istəyirdim. Çünki kimyaya çox marağım var. Bu səbəbdən də o ixtisası seçmişəm.

 

Atamın ən böyük arzusu bizim təhsilli olmağımız idi. Həmişə bizimlə söhbət edəndə deyirdi ki, sizi ali savadlı bir insan olaraq görmək istəyirəm. Hətta müharibəyə gedəndə bizə ən son sözü bu oldu ki, “işdir birdən qayıda bilməsəm, diplomlarınızı mənim məzarımın üstünə qoyarsınız”.

 

Əlihəsənin anası Nigar xanım deyir ki, bu eyni zamanda həyat yoldaşımın qoyub getdiyi məsuliyyət idi:

 

“Çox şadam. Şəhid xanımı olaraq övlad böyütmək, onu düzgün istiqamətdə yönəltmək, sevincinə, nəaliyyətlərinə baxıb qürur duymaq çox gözəl hisdir. Bu eyni zamanda həyat yoldaşımın qoyub getdiyi məsuliyyət idi. Bu məsuliyyəti layiqincə yerinə yetirmək özü böyük bir şərəfdir.

 

Öz atam və anam, həyat yoldaşımın valideynləri bu yolda bizə çox dəstək oldular. Ancaq atanın yerini heç kim verə bilməz”.

 

O, şəhidimizin təhsilə önəm verdiyini xüsusi olaraq vurğulayıb:

 

“Böyük oğlum keçən il Tibb Universitetinə qəbul oldu. Yoldaşım getməzdən əvvəl böyük oğluma “səni həkim görmək istəyirəm” dedi. Onlarla danışanda deyirdi ki, sizə istiqamət verə bilərəm. Ancaq seçim sizindi. Öz arzusu olan peşəyə qəbul olmasaydılar belə yenə də bir ata kimi arxalarında durardı. Çünki təhsilə çox önəm verərdi”.