Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 17:18:00
Nə elm həminkidir, nə də tədqiqat...

Məlumdur ki, tədqiqat tədqiq sözündən götürülüb və bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat aparmaq anlamına gəlir. Elmi-kütləvi ədəbiyyatda bir şeyi tədqiq edib, dərindən öyrənməklə məşğul olan alim kimi xarakteriza olunur. İstənilən tədqiqat elmi araşdırmalara əsaslanmalıdır. Ona görə də adətən bu prosesə elmi-tədqiqat deyirik.

 

Hər şeydən əvvəl ona görə ki, elmi-tədqiqat işləri - mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, elmi ümumiləşdirmələrin, layihələrin elmi əsaslandırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyətdir. Əbəs yerə deyil ki, bu vacib fəaliyyət sahəsi üçün xeyli sayda ayrıca elmi-tədqiqat institutları,  elmi və sosial tədqiqat mərkəzləri yaradılmış, bir qismi hazırda da fəaliyyət göstərməkdədir”. 

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov ali məktəblərdə elmi tədqiqatın aparılması, səviyyəsi və bütövlükdə əhəmiyyəti barədə danışarkən deyib.

 

Ekspertin sözlərinə görə, qurulacaq tədqiqat sistemindən yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur:

 

 

“Mən həm ali məktəblərdə dərs demişəm, eyni zamanda, həm də elmi fəaliyyətlə məşğul olmuşam. Bunun nə olduğuna öz təcrübəmdən yaxşı bələdəm. Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürüb. Bu hal bir çox aparıcı ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Bütün inkişaf etmiş ölkələrdə elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir”. 

 

 

“Digər sahələrdə olduğu kimi təhsil sahəsində aparılan tədqiqatlar da təhsilin daha da inkişafı, təkmilləşməsi və yeniləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”-deyən N.İsrafilov tədqiatın önəminə diqqət çəkib:

 

 

 “10 ilə yaxın bir müddətdə o zaman Maarif Nazirliyi adlanan qurumun nəzdində olan Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi kimi fəaliyyətimə əsaslanaraq, tam əminliklə deyə bilərəm ki, bu institutun (ETPEİ) təkcə təhsil sahəsinda ciddi araşdırmalar aparılması, proqram və dərsliklərin bu araşdırmaların nəticələrinə uyğunlaşdırılması sahəsində deyil, həm də elmi, pedaqoji kadrların yetişdirilməsi sahəsində müstəsna rolu olub. Təhsilə dair bütün tədris planı və proqramları, dərslik və dərs vəsaitləri bu institutda və ya bu institutun əməkdaşları tərəfindən hazırlanar və institutun baza məktəblərində sınaqdan çıxarılardı. Eksperimentin nəticələri institutun Elmi Şurasında müzakirə edildikdən və Nazirliyin kolleqiya qərarında sonra tətbiqə yönələrdi”.

 

Ekspert, 1920-30 və 1940-cı illərdə fəaliyyət göstərmiş elmi jurnalları misal gətirərək deyir ki, hazırda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil:

 

“1924–1930-cu illərdə "Yeni məktəb", 1930–1941-cü illərdə "Müəllimə kömək", 1943-cü ildən başlayaraq "Azərbaycan məktəbi" adı ilə dərc olunan pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab edilən bu nəşr 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayıb.

 

 

Bundan başqa, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib, yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında mühüm işlər görüb. Həmin jurnalın ayrı-ayrı fənlər üzrə 12 əlavəsi var idi. Təəssüf ki, indi bu sahədə də vəziyyət arzuolunan deyil”.

 

 

Həmsöhbətimiz hesab edir ki, institutları ucdantutma universitetlərə və akademiyalara çevirməklə onları əsas vəzifəsindən yayındırdıq:

 

 

“Ən başlıcası isə pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri maddi-texniki bazası, elmi, pedaqoji, kadr potensialı və digər infrastrukturları nəzərə almadan, bütün institutları ucdantutma universitetlərə və akademiyalara çevirməklə, tam fərqli statuslara malik olan bu elm və təhsil müəssisələrıni eyniləşdirdik. İnstitutlara da, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və digər çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə, onları konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırdıq.

 

 

Heç də əbəs yerə deyil ki, bir müddət əvvəl də "Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu"nun imzalanması mərasimində nazirliyə tabe institutların rəhbərləri ilə ali təhsil müəssisələrinin rəhbərlərinin görüşündə universitet və elmi tədqiqat institutlarının əlaqəli şəkildə fəaliyyət göstərməməsi məsələsinə toxunulmuş, universitetin strukturunun elmi tədqiqat aparmağa imkan verməməsi,  onların daha çox tələbə cəlb etməyə istiqamətlənməsi məsələsinə toxunulmuş, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılması zərurəti önə çəkilmişdi.

 

 Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır: universitet ixtisaslı tələbə hazırlığı ilə, institut peşəkar kadr hazırlığı ilə, elmi-tədqiqat institutları isə elmi araşdırmalarla”.