Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 15:27:26
Şuşa və Füzulidə təhsil: “Müstəqil universitetlər də yaradılmalıdır”

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Şuşa və Füzulidə bərpa olunan məktəblərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə başlayıb.

 

Belə ki, artıq müəllimlər Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təhsil verə biləcəklər. Bu fakt onu göstərir ki, işğaldan azad olunan ərazilərimizə təhsil geri qayıdır.

 

Bəs sözügedən Azərbaycan torpaqlarında ali təhsil müəssisələrinin açılmağı nə dərəcədə zəruridir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən jurnalist, professor Qulu Məhərrəmli qeyd edib ki, işğaldan azad olunmuş və artıq yeni sima almış Füzuli və Şuşaya təhsilin geri qayıtmağı çox müsbət haldır:

 

“Yəqin ki, yaxın gələcəkdə Zəngilan, Qubadlı, Ağdam, Cəbrayıl, Kəlbəcər, Laçında da bu proseslər sürətlənəcək. Müəllimlərin Şuşa və Füzulidəki məktəblərə vakansiyası çox xoşagələn hadisədir. Elm və Təhsil Nazirliyinin bu məsələylə birbaşa məşğul olması əlbəttə ki, təqdirəlayiqdir. Bu o deməkdir ki, Şuşada və Füzilidə yeni məktəblər tikilib. Həmin məktəblər şagirdləri, onların valideynlərini cəlb edir. Demək ki, artıq həyat, işğaldan azad olunmuş ərazilərimizə qayıdır. Biz yavaş-yavaş həmin bölgələrə ayaq açmalıyıq. Artıq həmin ərazilərdə böyük quruculuq işləri gedir və təhlükəsizlik zolağı yaradılır”.

 

Professorun sözlərinə görə Azərbaycanın bütün bölgələrində müstəqil universitetlər yaradılmalıdır:

 

“Hesab edirəm ki, gələcəkdə təkcə işğaldan azad edilmiş ərazilərimizdə deyil, ümumiyyətlə bütün bölgələrdə Azərbaycan ali məktəblərinin filialları olmalıdır. Yəni, regionlarımızda müstəqil universitetlər yaradılmalıdır. Məsələn, Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti var, burada sırf kənd təsərrüfatı ilə bağlı ixtisaslar tələbələrə öyrədilir. Eləcə də, əhalinin məşğuliyyətinə uyğun ali məktəblər yaratmaq lazımdır ki, onlar lazımlı ixtisasları tədris etsin. Nəticədə həmin bölgənin inkişafı üçün gələcək mütəxəssislər hazırlanacaq.

 

Füzuli böyük rayondur. Yaxınlığında Beyləqan, İmişli, Zəngilan , Qubadlı və s. var. Yəni burada  ali təhsil müəssisələrinin olmağı o mənada yaxşıdır ki, əhali paytaxdan nisbətən öz torpaqlarına köçəcək. Daha sonra, həmin ali təhsil ocaqlarına qəbul olunan tələbələrimiz sayəsində ərazilərdə gənclərin seqmenti artacaq. Müəllimlər orada əsaslı şəkildə işləyib, tədris aparacaqlar. Bunların hamısının arxasında “böyük həyat” parlaqlıqları var. Ona görə də mən təqdir edirəm və hesab edirəm ki, işğaldan azad olunan ərazilərimizdə ali təhsil müəssisələrinin yaradılması prosesi nə qədər tez olsa, o qədər yaxşıdır”.