Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 08:30:00
“İlin Gənc Müəllimi”: “Kişi müəllimlərin sayı azalmaqda davam edir”  

“İlin Gənc Müəllimi” müsabiqəsinin qalibləri ilə silsilə müsahibələrimiz davam edir.

 

 

 

"İlin Gənc Müəllimi" AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi layihədir.

 

Növbəti müsahibimiz Şamaxı şəhər 10 saylı tam orta məktəbin tarix müəllimi Vasif Vaqif oğlu Şıxıyevdir. 

 

Onunla müsahibəni təqdim edirik:

 

-Abituriyent və tələbə Vasif arasında fərqlər hansılardır?

 

 

- Hər zaman çalışmaq, dərslik məlumatları ilə yanaşı, daim yeni nəyinsə axtarışında olmaq, abituriyent və tələbə Vasif üçün ortaq cəhət təşkil edir. Amma tələbə Vasifin əsas fərqli cəhəti o idi ki, o təhsil almaqla yanaşı, həm də işləyirdi. Həmin iş yerlərindən əldə etdiyi qazancın bir hissəsini isə kitab almağa xərcləyirdi.

 

 

-Tələbə olarkən sosial məşğuliyyətlə aranız necə idi?

 

 

- Tələbə olarkən, fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri idim. Həmçinin, tələbə yoldaşlarla birgə yaratdığımız intellektual klubla dəfələrlə respublikada keçirilən müxtəlif intellektual yarışlarda iştirak etmişdik.

 

 

-Onlarla peşə  arasından müəllimliyi seçmənizin xüsusi bir səbəbi var?

 

 

- Müəllim ailəsində böyümüşəm. Atam da müəllim olub, anam da. Hətta ana dili-ədəbiyyat fənnini mənə elə anam tədris edib. Elə məhz bu amil bəlkə də uşaqlıqdan məndə pedaqoji sahəyə maraq oyadıb. Hazırda qardaşım da mənimlə birgə eyni məktəbdə müəllim kimi çalışır.

 

 

-Şagirdlərlə ilk tanışlığınız hansı xatirələrlə yadda qalıb?

 

 

- Əgər hansısa bir müəllim “İlk dərs günü heç bir həyəcanım yox idi”, deyirsə, məncə yanlışlığa yol verir. Hamı kimi mən də ilk dərs günü həyəcanlı idim. Amma nədənsə, şagirdlər “müəllim çox qaşqabaqlı idi” deyərək, məndən narazı qalmışdı. Lakin sonradan özümü həmin şagirdlərə sevdirməyi bacardım.

 

 

 

-Müəllim olduğunuz dönəmdə başınıza gələn maraqlı bir hadisəni danışa bilərsiniz?

 

 

- Məktəb olaraq bir ənənəmiz var – hər il 9 noyabr “Bayraq günü”nü bir neçə müəllim və bir qrup yuxarı sinif şagirdləri ilə hansısa tarixi məkanda, zirvədə və ya qalada keçiririk. 2019-cu ilin 9 noyabrında Qaxda yerləşən Cinli qalaya getdik. Yüksək dağlıq və meşəlik ərazidə yerləşən Cinli qalaya bələdçi olmadan özümüz qalxmaq qərarına gəldik. Təsəvvür edin, yer palçıq, yaş xəzəl, əl atıb yapışmaq istədiyimiz ağac budaqlarının hər addımda qırılması. Qısacası, bir addım irəli – iki addım geri prinsipi ilə bu qalaya qalxmağa düz 2 saat vaxtımız getdi. Amma yuxarı qalxdıqdan sonra gördük ki, çox rahat yol var imiş. Cəmi 10 dəqiqəyə həmin yolla aşağı düşdük.

 

 

-Özünüzdə bəyəndiyiniz 3 xüsusiyyət hansıdır?

 

 

- Məncə bir insanın yaxşı və ya pis xüsusiyyətlərinə kənardakıların qiymət verməsi daha məqsədəuyğundur.

 

 

-Nə vaxtsa müəllimliyi buraxmağı düşünmüsünüz, əgər olubsa, buna səbəb nə idi?

 

- 10 ildən artıqdır ki, pedaqoji sahədə çalışıram. Hətta ilk illərdə başqa idarələrdən belə iş təklifi gəlməsinə rəğmən, nə vaxtsa işimi dəyişdirmək haqqında fikirləşməmişəm.

 

 

 

 "İlin gənc müəllimi" müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi ? Özünüzü necə motivasiya edirdiniz ?

 

 

- İllər ərzində əldə etdiyim uğur və nailiyyətlərə görə mən də bu müsabiqəyə qatılan hər bir pedaqoq kimi qalib olacağımı gözləyir, özümü buna motivasiya edirdim.

 

 

-Qaliblərdən biri olduğunuzu öyrəndikdə hansı hissələri keçirdiniz?

 

 

- Artıq üçüncü dəfə idi ki, bu müsabiqəyə qatılırdım. Birinci və ikinci müraciətimdə ilk 50-liyə düşməyi bacarmışdım, amma ilk 10-luqda yer almamışdım. Bu dəfə isə üzərimdə daha çox işləyərək və AzEdu.az münsiflərinin də seçimi ilə bu uğura nail oldum. Hər bir iştirakçı kimi mən də, adımı ilk 10-luqda gördükdə çox sevindim.

 

 

-Hazırda bir çox kişi müəllimlər maaşların az olduğundan və ailəni dolandırmaq üçün kifayət etmədiyindən şikayətlənir. Sizin bu kimi çətinlikləriniz olub ?

 

 

- Bəli, maddi problemlər səbəbindən pedaqoji sahədə çalışan kişi müəllimlərin sayı azdır. İldən-ilə də bu say azalmaqda davam edir. Mən özüm də 10 ilə yaxın bir müddətdə ikinci iş yeri olaraq, Şamaxı Avropa Liseyində çalışmışam. Etiraf edim ki, repetitorluq fəaliyyəti maddi problemlərimizin həllində mühüm rol oynayır.

 

 

 

-Bir çox müəllim və valideyn repetitorluğun əleyhinədir. Sizin düşüncələriniz nədir ?

 

 

- Hazırda ali məktəblərə qəbulun böyük faizi hansısa kursların və ya repetitorların hesabına əldə olunur. Amma qarşısına məqsəd qoyan və yorulmadan çalışan şagirdlərimiz də olub ki, nə kurs, nə də repetitor dəstəyi olmadan ali məktəbə qəbul olmağı bacarıb.

 

 

 

-Uğurun resepti hər kəs üçün fərqlidir. Sizin uğur qazanmaq üçün əsas şüarınız nədir?

 

 

 

- Uğur qazanmaq üçün daim çalışmaq və yenilikçi olmaq lazımdır. Əgər bir zirvə fəth etdinsə, dayanmaq lazım deyil. Uğurun “resept”i daima axtarışda olmaq, yeni-yeni zirvələri fəth etməkdir.

 

 

 

-Son olaraq bütün dünyaya səslənə bilsəniz, bir müəllim olaraq, nələr demək istərdiniz?

 

 

 

- Bütün dünyaya vətənimizin - Azərbaycanın haqq işini tanımaq üçün səslənərəm.  Çünki beynəlxalq arenada hələ də bizə mənfur siyasət bəsləyən rəqiblərimiz var. XX əsrin 90-cı illərində hüququ tapdalanan, soyqırımına məruz qalan, əraziləri işğal olunan bir xalqdan 30 il sonra qalib və qürurlu bir xalqa çevrildik. Bunun üçün isə hər birimiz şəhid və qazilərimizə borcluyuq !