Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 08:40:50
“Qərbi Azərbaycan Ensiklopediyası” hazırlanır

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş direktor tarix elmləri doktoru, professor Kərim Şükürovun sədrliyi ilə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı işçi qrupun ilk iclası keçirilib.


AMEA-dan AzEdu.az-a bildirilib ki, iclasda işçi qrupun qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün elmi-təşkilati məsələlər müzakirə olunub. Həmçinin AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, ensiklopediyanın sözlüyünün sentyabrın 20-dək hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi üçün vəzifələr müəyyənləşdirilib.


Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədilə işçi qrupun iclaslarının davamlı olaraq keçirilməsi qərara alınıb.


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb və bu görüşdə dərin məzmunlu nitq söyləyib. Bu nitqin əsasında Qərbi Azərbaycana qayıdış üzrə kompleks tədbirlər planı müəyyən edilib.


Həmçinin ölkə başçısının çıxışından irəli gələrək AMEA Rəyasət Heyəti tərəfindən bir sıra qərarlar qəbul olunub. Həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü əsasında AMEA Rəyasət Heyətinin 2023-cü il 16 yanvar tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin 2023-cü il 23 fevral tarixli iclasında “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” qərarında “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması əksini tapıb. AMEA Rəyasət Heyətinin 2023-cü il 19 iyun tarixli qərarı ilə “Qərbi Azərbaycan Ensiklopediyası“nın hazırlanmasına dair AMEA-nın Tarix, Folklor, Memarlıq və İncəsənət, Dilçilik institutlarının, eləcə də Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aidiyyəti mütəxəssislərindən ibarət İşçi qrup yaradılıb. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanmasına elmi-metodiki dəstək verilməsi həvalə edilib.