Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 10:17:00
Sertifikatlaşdırmada uğursuz olan müəllimlərə DƏSTƏK... -  Mərkəzi Aran RTİ tədbirlər görəcək!

20-24 iyun tarixlərində İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sertifikasiya imtahanları keçirildi. Sertifikasiyada iştirak edən 30 061 ibtidai sinif müəlliminin 30 faizi, 8268 Azərbaycan dili və ədəbiyyat müəllimin 8 faizi 0-29 bal toplayaraq aşağı nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən verilən göstərişə əsasən, həmin müəllimlər təkmilləşdirmə təlimlərinə qatılmalıdırlar. 

 

Regionlarda fəaliyyət göstərən və təkmilləşdirməyə ehtiyacı olan müəllimlərlə bağlı hansı tədbirlərin görüləcəyini öyrənmək məqsədilə Regional Təhsil idarələrinə sorğu ünvanladıq. 

 

Mərkəzi Aran Regional İdarəsindən AzEdu.az-a verilən məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmayan təhsilverənlər maarifləndirici vebinarlara, eyni zamanda, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlərə cəlb olunacaqlar.

 

“Məlumdur ki, Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikatlaşdırılması prosesi həyata keçirilir. Eyni zamanda bildiririk ki, cari il üzrə bu prosesdə üzrlü səbəblərdən iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak edə bilərlər.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi irəlidəki 1 il ərzində test imtahanında müvəffəqiyyət qazanmayan təhsilverənlər üçün maarifləndirici vebinarların, eyni zamanda bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində ehtiyacları müəyyən edilərək təlimlərə cəlb olunacaqdır. İdarə mütəmadi olaraq sınaq test imtahanlarının təşkil olunmasının həyata keçirilməsi prosedurlarını tənzimləyəcəkdir”.

 

Mərkəzi Aran RTİ-dən bildirilib ki, eyni zamanda bu təlimlərə sertifikasiya prosesində yüksək nəticə əldə edən müəllimlərin də cəlb olunması və təlimçi kimi fəaliyyət göstərməsinə şərait yaradılacaq.