Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 09:39:53
“Ali məktəbə sənəd verən qızların sayı kəskin azalıb” - İDDİA  

“Abituriyent” jurnalının 12-ci nömrəsində verilən məlumata əsasən, ötən il Azərbaycan və rus bölməsi üzrə qəbul imtahanlarında iştirak edən qız abituriyentlərin nəticələri, oğlanlara nisbətən daha yüksəkdir.

 

Belə ki, Azərbaycan bölməsi üzrə I-IV qruplara imtahan verən oğlan abituriyentlərin 21,55 %-i 0-100, 28,25 %-i 100-220, 21,35 %-i 200-300, 20,56 %-i 300-500, 8,28 %-i isə 500-700 bal toplayıb.

 

Qız abituriyentlərdə isə bu göstərici 11,73 %-i 0-100, 25,45 %-i 100-200, 21,83 %-i 200-300, 29,80 %-i 300-500, 11,19 %-i isə 500-700 bal olub.

 

Maraqlıdır, qız abituriyentlərin imtahanlarda oğlanlarla müqayisədə yüksək bal toplamasının əsas səbəbləri nələrdir?

 

Keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq" - Elçin Əfəndi

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, qiz uşaqları oğlanlara nisbətən oxumağa daha həvəsli yanaşırlar:

 

“Düzdür, qız abituriyentlərin imtahanlardakı göstəriciləri, demək olar ki, çox zaman daha yüksək olur. Çünki oğlanlara nəzərən qız uşaqlarının oxumağa meyli daha çoxdur. Və onlar müvafiq olaraq zamanlarının çoxunu evdə keçirirlər.

 

Oğlan uşaqlarının bəziləri isə hazırlığa çöldə-bayırda vaxt keçirmək üçün gedirlər. Yenə də qeyd edim ki, qızların çoxu vaxtlarının böyük hissəsini evdə keçirdiklərinə görə və imtahanlara qarşılarına məqsəd qoyub, hazırlaşdıqları üçün yekun nəticələri də ürəkaçan olur”.

 

Ekspert bildirib ki, son dövrlərdə ali məktəbə sənəd verən qızların sayı kəskin azalıb:

 

“Təəssüfləndiyim bir məqam var ki, qız uşaqlarının təhsil göstəriciləri nə qədər yaxşı olsa da, ali təhsil müəssisələrinə sənəd verən, oxumaq istəyən qızlarımızın sayı əvvəlki dövrlərə nisbətən azalan xətt üzrə inkişaf edib. Bunun da ən böyük səbəbi məhz ailələrdir. İndiki dövrdə bütün valideynlər qız uşaqlarının təhsil almalarına maksimum dəstək verməlidirlər”.