Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 10:29:24
Zəlzələ uşaq psixologiyasına necə təsir göstərir və nə etməli? - Psixoloq danışır

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Bu təbiət hadisəsi əhalinin böyük bir qismini təşvişə salıb. Həmçinin mövcud vəziyyət böyüklərdən daha çox uşaqların psixologiyasına təsir göstərib. 

 

Bəs bu cür hallarda valideynlər uşaqları ilə necə davranmalı və onlara nələri tövsiyə etməlidirlər? 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında psixoloq Çinarə Kazımzadə bu kimi hallarda şagirdlərin psixi cəhətdən hazırlığının vacibliyindən danışıb:

 

“Uşaqdan böyüyə yaşadığımız hislər ciddi şəkildə hər birimizə təsir göstərir. Müasir dövrdə yaşca çox kiçik uşaqların belə sosial şəbəkələrdən istifadə etməsi adi hala çevrilib. Ümumiyyətlə, hazırda kiçikdən böyüyə fəlakətlə bağlı videoları izləyirlər. Artıq kiçik yaşlı uşaqlar da zəlzələ kimi təbii fəlakətlərin hansı fəsadlara yol aça biləcəyini yaxşı dərk edirlər.

 

Buna görə də, bu cür hadisələr baş verərkən uşaqların beynində yaxınlarını itirəcəkmiş kimi düşüncə yaranır. Bu narahatlıqlar həm uşaqların, həm də böyüklərin psixologiyasına mənfi təsir göstərir. Qorxu içində olurlar, birdən-birə ağlama istəkləri yaranır, öz valideyinləri üçün narahat olurlar və ən əsası isə işlərinə diqqət verə bilməmə problemi yaranır”. 

 

Psixoloq belə məqamlarda valideynlərin hansı tədbirləri görməli olduğundan söz açıb:

 

“Ola bilər ki, uşaqlar öz aralarında toplandığı zaman baş verən hadisələrlə bağlı müzakirələr aparsınlar. Bu söhbətlərdə yanlış yönləndirmə olduğu zaman bir-birlərini qorxuda bilərlər. Qorxu onların psixologiyasına çox böyük ziyan verə bilər. Bu kimi halların yaşanmaması üçün ilk növbədə valideynlərin özləri profilaktik tədbirlər görməlidir. Problemləri aradan qaldırmaq üçün valideynlər uşaqlarını güclü şəkildə psixoloji məlumatlandırmalıdır. Fəlakət, zəlzələ və onlardan qorunma yolları haqqında uşaqlara düzgün informasiya verilməlidir. Çünki məlumatsızlıq, qeyri-müəyyənlik insanı daha çox qorxuya salır. 

 

Psixoloq diqqətə çatdırıb ki, emosiyalarımızı udduqca, “hər şey yaxşıdır”, “heç bir problem yoxdur” tipli fikirləri özümüzə təlqin etdikcə, vəziyyət daha da pisləşə bilər:

 

“Real olan bir problemdə uşaqların öz emosiyalarını, hislərini dilə gətirib ifadə etməkləri önəmlidir. Onları dinləmək, müsbət enerji ötürmək olduqca əhəmiyyətlidir. Uşaqların yanlış məlumatlandırılması,  daha çox qorxunun qabarması onlarda diqqət pozuntusu yarada bilər. Təbii ki, bu diqqətsizlik onların dərslərinə də mənfi təsir göstərə bilər".