Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-18 13:08:00
DİM musiqi sənəti üzrə imtahan verəcək şəxslərə müraciət edib

Abituriyentlər musiqi sənəti istiqaməti üzrə ixtisaslara daxil olan Musiqi ədəbiyyatı fənni üzrə keçiriləcək elektron imtahana buraxılış vərəqlərini çap edə bilərlər.

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər 21 iyun 2023-cü il tarixində Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) və Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin Konservatoriya korpusunda (Naxçıvan şəhəri, Universitet şəhərciyi) imtahan verəcəklər.

 

İmtahan saat 10:00-da başlanır. Abituriyent imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməlidir.

 

İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidir (abituriyentin şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər.Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.

 

İmtahanın müddəti 1 saatdır. İştirakçılara musiqi ədəbiyyatı fənni üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş 30 qapalı tipli test tapşırığı təqdim olunacaq. 20 sual Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

 

İmtahanda 119 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

 

İmtahanın qiymətləndirilməsi hər fənn üzrə 10 ballıq şkalada aparılır.