Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 19:00:00
IV qrup üzrə ölkə birincisi-“İmtahan üçün plan qurmuşdum”

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib.

Belə ki, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə həmin məzuna məxsusdur. O, imtahanın birinci mərhələsində maksimal olan 300 bal toplamışdı. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 697 baldır.

IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697 bal) göstərən abituriyent Ağazadə Nigar Əhədulla qızıdır.

Bakı şəhəri 125 saylı məktəbin məzunu olan N.Ağazadə imtahan nəticələri ilə bağlı təəssüratlarını bölüşüb.

Qəbul imtahanına diqqətlə hazırlaşdığını deyən gənc qız yüksək nəticə toplayacağına inandığını bildirib. Onun sözlərinə görə, imtahan sualları o qədər də çətin olmayıb:

“Sualların çətinlik səviyyəsi orta idi. Nəticələri biləndə ona görə məyus oldum ki, 700 bal yığa bilmədim. Ancaq heç nə olmaz, bu da yüksək nəticədir. İmtahana özümün əvvəlcədən qurduğum planla hazırlaşdım. Həmişə inanırdım ki, belə yüksək göstərici əldə edəcəyəm”.

N.Ağazadə Azərbaycan Tibb Universitetində ali təhsil almağı arzuladığını deyib. Xaricdə təhsilə gəlincə, o hazırda belə planının olmadığını qeyd edib.