Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 17:58:26
Bu universitetlər Qarabağa köçürülə bilər - TƏKLİFLƏR PAKETİ

Kamran Əsədov: "Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti və hərbi məktəb yaradılmalıdır"

"Laçın və Qubadlıda Pedaqoji Universitetin, İqtisad Universitetinin filiallarını açmalıyıq"


Azərbaycanın əzəli torpağı olan Qarabağ erməni tapdağından azad olunduqdan sonra "Böyük köç" məsələsi gündəmə gəldi. Artıq bu prosesə start verilib. Ötənlərdə bəzi rayonlarımız - Zəngilan və Laçına qayıdış başlanıb. Bir sözlə, illərdir, düşmən tapdağı altında inləyən ərazilərimizə yenidən nəfəs, can verilir, bu torpağın "damar"ına qan vurulur. Əlbəttə, təkcə ailələri köçürməklə iş bitmir. Oradakı yol-nəqliyyat infrastrukturu və təhsil məsələləri də prioritet sahə kimi qarşıya qoyulan başlıca məsələlərdəndir. Bu düşüncədən yola çıxaraq paytaxt Bakıda yerləşən bəzi ali, orta təhsili müəssisələrinin, eləcə də dövlət qurumlarının azad olunmuş ərazilərə köçürülməsi məsələsi aktuallaşır.

Maraqlıdır, görəsən, hansı özəl və dövlət müəssisələrinin azad olunan ərazilərə köçürülməsi realdır?

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Sualımızı cavablandıran təhsil eksperti Kamran Əsədov AzEdu.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir:

"İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun aradan qaldırılıması baxımından, eyni zamanda prioritet mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Elm və Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər. İşğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib.

Əlbəttə, birdən-birə bu infrastrukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirilidiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir. Hətta 1969-cu ildə Xankəndində bir ali təhsil müəssisəsi də var idi.

Mən işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı təkliflər paketini hazırlamışam. Bununla bağlı layihələrimiz var. Burada 3 mərhələdən ibarət təkliflərimiz mövcuddur. Yəni işğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif edirik.

Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərinin salınması. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin salınması həm uzun vaxt aparacaq, həm də tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. İstər qoşunlarımız tərəfindən azad edilmiş Qubadlı, Zəngilan və Füzulinin ərazisində olan şagirdlərin, eyni zamanda növbəti mərhələdə Laçın, Kəlbəcər, Ağdamın məktəblilərinin sayını bilirik.

Amma bütün hər kəs ora gedəcəkmi? Bu məsələ hələ də sual altında olduğuna görə bizim təklifimizin birinci hissəsi budur ki, ilkin mərhələdə Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Ağdamda, işğaldan azad edilmiş digər kənd və qəsəbələrdə modul tipli məktəblər yaradılsın. Beləliklə də təhsil alanların təhsil hüquqları pozulmasın".

Ekspertin ikinci təklifi belədir:

"Dağlıq Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Nəzər alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakı və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Yəni gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində - Laçın və Qubadlıda belə Pedaqoji Universitetin, İqtisad Universitetinin filiallarını açmalıyıq".

Həmsöhbətimiz vurğulayıb ki, təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir göstərir:

"Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin, ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır".

K.Əsədov əlavə edib ki, azad olunan ərazimizdə İqtisadiyyat Universiteti, onun filialları açılmalıdır:

"Həmçinin, hüquq fakültələri ərsəyə gətirilməldiir. Çünki şahidi olduq ki, Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.

Prezidentimiz qeyd etdi ki, gələcəkdə ermənilər də bizimlə birgə yaşaya biləcək. Bu baxımdan çalışmalıyıq ki, rəhbər postlara təyinat üçün mütləq şəkildə daha çox azərbaycanlı kadrlar olsun.

Məlum olduğu kimi, sovet dönəmində istər Bakıda, istərsə də digər böyük şəhər və bölgələrdə bir çox vəzifələrdə kadrlarımız az idi, daha çox ermənilər təşkil edirdi. Çünki ermənilər öz uşaqlarını universitetlərə göndərəndə biz daha çox kənd təsərrüfatı ixtisaslarına meyillənmişdik. Ona görə də təkliflərimizin ikinci hissəsi bundan ibarətdir ki, həmin ərazilərdə mütləq şəkildə universitetlərimiz açılmalıdır".

Üçüncü təklifə gəlincə, ekspert bildirib:

"Peşə müəssisələrinin və kollecləri açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır.

Həmçinin uşaq bağçalarının açılması bizim növbəti mərhələ üçün təklifimizdir. Yəni Dağlıq Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Hesab edirəm ki, işğaldan azad edilmiş və azad olunacaq ərazilərdə təhsil tamamilə yeni formatda qurulmalıdır və hökumət bu məsələni birinci məsələ olaraq ortaya qoymalıdır".