Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-17 15:01:00
Qərbi Azərbaycan tarixi yenidən yazılıb, dərsliklərə əlavə olunmalıdır  

Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlanması barədə tapşırıq verib. Həmin ildən bəri bu tapşırığa əsasən müəyyən işlər görülüb.

 

AzEdu.az Təhsil Portalı bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinə Qərbi Azərbaycan guşəsi yaradılmasını təklif edib.

 

Bəs, görəsən ictimaiyyətin bu barədə fikirləri nələrdir?

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı AzEdu.az-a müsahibəsi zamanı bildirib ki, Qərbi Azərbaycan tarixi barədə kitablar tədrisə daxil olmalıdır:

 

“Qərbi Azərbaycanla bağlı guşənin yaradılmasından öncə buranın tarixi, mədəniyyəti, incəsənəti barədə tədris kitabları proqramlara daxil olmalıdır. Çünki bu proses kompleks şəkildə təşkil edilməldir. Əvvəlcə kitablar vasitəsi ilə maarifləndirmə aparılmalı, Qərbi Azərbaycan tariximiz yenidən yazılıb, dərsliklərə əlavə olunmalıdır.

 

Hesab edirəm ki, 2022-ci ildən Qərbi Azərbaycan İcmasının yaradılması, Prezidentimizin oradakı çıxışı Azərbaycan xalqı, dövlətimiz, eləcə də qurumlar üçün uzun zamanlı yol xəritəsi idi. Qərbi Azərbaycan İcması özü institutlaşmış qurum, eləcə də Azərbaycandakı ən böyük qeyri-hökumət təşkilatı kimi ciddi işlər görür. İcmadan BMT-yə gedən məktublar BMT-nin gündəliyinə daxil olub və bütün üzv ölkələrə paylanılıb. Bütün beynəlxalq təşkilatlarda Qərbi Azərbaycan İcmasının bəyanatları, müraciətləri var. Nazirliklər, qurumlar Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi ilə bağlı öz səlahiyyətləri hesabına müəyyən işlər görür və görəcəklər. Necə ki, Qarabağ Azərbaycanın ayrılmaz bir tarixidir, eləcə də bura bütövlükdə Azərbaycanın tarixinin parçasıdır. Qərbi Azərbaycanda yaşamış azərbaycanlılar da son 200 ildə hədsiz dərəcədə çox böyük haqsızlıqlara, son 100 ildə dəfələrlə deportasiyaya, etnik təmizlənməyə, soyqırıma məruz qalıblar. Nəticədə 1987-1991-ci illərdəki sonuncu deportasiya bütövlükdə Qarabağ işğalının bir mərhələsi idi. Bunlar erməni lobbisinin və onların tərəfdarlarının böyük Ermənistan yaratmaq prosesinin bir hissəsi idi. 1987-1991-ci illərdə dədə-baba yurd yerlərindən qovulmuş azərbaycanlıların pozulmuş hüquqları bərpa olunmalıdır. Qaçqın problemi beynəlxalq bir problemdir. Beynəlxalq təşkilatların bu məsələlərlə bağlı kifayət qədər sənədləri var”.

 

“Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanın problem deyil, bu bütün türk dünyasına aiddir”,- deyə müsahibimiz vurğulayıb:

 

“Qarabağın işğaldan azad olunması uğrunda 1000-lərlə Qərbi Azərbaycanda doğulmuş şəhidlər vermişik. Bizim xalqımız el birliyi ilə həmrəy olub, Qarabağı işğaldan azad etdi. Yeri gəldi, bu yolda canlarından da keçdilər. Lakin Qərbi Azərbaycana qayıdış sülh yolu ilə olmalıdır. Konsepsiyada da bu barədə bildirilir ki, beynəlxalq hüquq çərçivəsində qayıdış konsepsiyası tətbiq olunsun. Biz Qarabağda yaşayan ermənilərə vətəndaşlıq qəbul edib, bizimlə birgə sülh şəraitində yaşadıqları halda eyni hüquqlara sahib olacaqlarını bildirdik. Prezidentimiz dəfələrlə müraciət etdi, nümayəndə heyəti ayırdı. Onlara Azərbaycan Konsitutusiyası, bayrağı altında yaşamaq hüququndan əlavə, hətta bələdiyyələrə, yerli idarəetmədə iştirak hüququna da sahib olacaqları bildirildi. Lakin özləri bundan qəti imtina etdilər. Çünki Ermənistanda revanşist ideologiya hökm sürür. Amma biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq və beynəlxalq hüquq qanunları daxilində yurd yerlərimizdə yaşayacağıq. Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanın problem deyil, bu bütün türk dünyasına aiddir. Əminik ki, Qərbi Azərbaycan problemi yaxın zamanda həll olunacaq. Bu proses gedir, hər şey göz qabağındadır, bir sıra nailiyyətlər də əldə edilib.  

 

Ümumiyyətlə Qərbi Azərbaycanın tarixi Sovet dövründə təhrif olunub. Müvafiq qurumlar da bu sahədə çox məsuliyyətsiz işlər törədiblər. Ancaq tariximizin bərpası yolunda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qərbi Azərbaycan tarixi ilə bağlı ayrıca şöbə yaradılıb. Hətta bir sıra ali məktəblərdə də bununla əlaqədar mərkəzlər yaradılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində də (ADPU) Qərbi Azərbaycan tarixi mərkəzi açılıb. Biz Qərbi Azərbaycan məsələsini Qarabağdan öncə gündəmə gətirib, səfərbər olsaydıq, bu zaman Qarabağ probleminə müəyyən qədər maneələr yaradılardı. Qərbi Azərbaycana qayıdış Xankəndinin, Şuşanın azad olunmasından keçir. Bu səbəbdən də artıq qayıdışla bağlı danışa bilərik”.