Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 16:44:00
“Övladı oğurluq etməsin deyə, ata özü siqaretpulu verir”

Azərbaycan qanunvericiliyinə əsasən, sağlamlığa zərərli olan bir çox vasitələr, içkilər, tütün məhsulları 18 yaşdan aşağı uşaqlara satılmamlıdır. Əks halda, müxtəlif cərimələr tətbiq olunur. Ancaq sosial şəbəkələrdə yayılan bir sıra şəkillərdən də gördüyümüz kimi, şagirdlərin cibindən tütün məhsulları, zərərli elektron vasitələr aşkarlanıb. Bu halların qarşısının alınmasında dövlətin, vətəndaşların rolu nədən ibarətdir? Kimlər məsuliyyət daşıyır?

 

Suallarımızı sabiq deputat Sona Əliyeva cavablandırdı. O, AzEdu.az-a açıqlamasında bildirdi ki, bu məsələlər yalnız qanunvericiliklə tənzimlənə bilməz, həmçinin, cəmiyyətin bütün üzvləri fəal olmalı, market, mağazalar və digər satış məntəqələri bu kimi hallara yol verməməlidir:
 

“Sosial şəbəkələrdə şagirdin üzərindən çıxan əşyaları mən də gördüm. Buna valideynlər, müəllimlər həddindən çox insan reaksiya vermişdi. Hətta müəllimlərdən biri qeyd edirdi ki, bəzi atalar övladı gedib oğurluq etməsin deyə siqaret alması üçün özü onun cibinə pul qoyur.
 

Onu da qeyd edim ki, qanunvericilikdə bu məsələlər əks olunub. Enerji içkilərinin, tütün məhsullarının 18 yaşdan aşağı uşaqlara satışı qanunvericiliklə qadağandır. Qaydalar pozulduğu halda cərimələr tətbiq olunur. Ancaq bunu da nəzərə almaq lazımdır ki, dövlət daim bütün mağazalara, marketlərə, xırda dükanlara nəzarət edə bilməz. Ona görə də son məsuliyyət həmin mağazaların, marketlərin üzərinə düşür. Onların rəhbərləri bu halların baş verməməsi üçün göstəriş verməlidir. Burada artıq əsas mövzu vətəndaş məsuliyyətidir. İkinci olaraq vətəndaşlar belə hallara qarşı ikiqat diqqətli olmalıdır. Hansısa satış müəssisəsində bu kimi hallarla qarşılaşan vətəndaş gənclərimizin sağlamlığı üçün aidiyyatı qurumları məlumatlandırmalıdır”.

 

Sabiq deputatın sözlərinə görə, mağazalarda belə satışların həyata keçirilməsini müəyyənləşdirməyi bütünlüklə dövlətdən gözləmək doğru olmaz. Çünki ölkədə kifayət qədər irili, xırdalı satış müəssisəsi var.

 

“Gəncləri bu yoldan çəkindirməyin yolu ailə və məktəb olaraq maarifləndirmələr həyata keçirməkdir. Bundan əlavə, cəmiyyət olaraq üstümüzə düşən məsuliyyəti dərk edib gənclərimizin inkişafı, sağlamlığı üçün çalışmalıyıq”.