Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 16:25:00
Universitetlərin “TikTok” trendi - Müəllim və tələbələr nə demək istəyirlər? - VİDEO

Son günlər “TikTok” sosial platformasının Azərbaycan seqmentində Bakıdakı təhsil müəssisələrinin yeni trendi yaranıb. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, tələbələr ali məktəbin dəhlizində pilləkənlərə düzülür, sonra dekan, dekan müavini və ya hansısa müəllim onlara qoşulur, ardınca hamılıqla eyni vaxtda qolları sinədə çarpazlayıb yuxarı baxırlar.

Demək olar ki, əksər universitetlər bu aksiyaya qoşulub. Hətta orta məktəblərdən də bu kampaniyanı təkrarlayanlar var. Amma ən qəribəsi odur ki, bu trendə qoşulan təhsil ocaqları onun hansı anlama gəldiyini doğru-düzgün şərh etmir, hər hansı bir açıqlama vermirlər.

Universitetlər və məktəblərdə lentə alınan görüntülər sosial şəbəkədə minlərlə baxış sayı yığsa da, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Bəs universitetlərin “TikTok” trendi nə anlamına gəlir, tələbə və müəllimlər bununla hansı mesajı vermək istəyirlər? 

"TikTok" trendinə qoşulan ali məktəblər arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) də var.  

AzEdu.az saytının əməkdaşı məsələ ilə bağlı AzMİU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev əlaqə saxlayıb.

 
Universitet rəsmisi bildirib ki, sözügedən videoda AzMİU-nun nizam-intizam qaydalarına ziddiyyət təşkil edən heç bir hal yoxdur: 

 

“Öncə qeyd edim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə kontingenti ölkənin digər vətəndaşları kimi sosial şəbəkələrdə paylaşım etməkdə sərbəstdirlər. Onların işlədikləri və oxuduqları müəsssisə qarşısında bu və bu kimi hallarla bağlı hansısa məsuliyyəti yoxdur. Əlbəttə ki, ali təhsil müəssisəsi olaraq AzMİU-nun nizam-intizam qaydaları var, müəllim və tələbələrimiz bu qaydalara həm universitet daxilində, həm də ictimai anlamda riaət etməlidirlər. 

Sözügedən videoda isə qaydalara zidd heç bir hal müşahidə olunmur. Son günlər trendə çevrilən bu videokampaniyada tələbələr və müəllimlərin səmimi münasibəti əks olunur”.

 

N.Abdullayev deyib ki, belə formada videoların təbliği tələbə və müəllim münasibətinin daha da yaxşılaşmasında şərait yaradır: 

 

“Hesab edirik ki, müəllim və tələbə münasibətinin səmimi sferada təbliği bu münasibətlərin inkişafına və ümumilikdə təhsil mühitinin daha da sağlamlaşmasına təkan verə bilər”.