Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 12:25:00
Memarlıq və İnşaat Universitetinin əcnəbi tələbələrlə bağlı “SİRRİ”...

Martın 16-da Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqlənən 5 ali təhsil müəssisəsi təşəkkürnamə ilə təltif edilib. Bu təltif Azərbaycan ali məktəblərində əcnəbi vətəndaşların təhsilinin səviyyəsinin artırılması məqsədi güdür. Çünki xarici tələbələrin mövcudluğu ali təhsil müəssisəsinin daha da nüfuzlu olmasına xidmət edir. Təsadüfi deyil ki, bu və ya digər universitetin dünya universitetlərinin  reytinq cədvəlində yeri müəyyənləşdirilərkən xarici tələbələrin çəkisi xüsusilə nəzərə alınır. 


Qeyd etmək lazımdır ki, Azərbaycan ali məktəbləri hələ keçmiş Sovet İttifaqı dövründə xarici ölkə vətəndaşlarının təhsili ilə bağlı geniş nüfuza malik idi. Müxtəlif  ölkələrdən və rənglərdən ibarət olan xaricilərin Bakı küçələrində gəzməsi yaşlı sakinlərin xatirindən hələ də silinməyib. Sovet dövründə Azərbaycan Dövlət Universiteti, Neft və Kimya İnstitutu, Tibb İnstitutunda əcnəbi tələbələr kütləvi şəkildə təhsil alırdılar. İndi bu ali məktəblərin məzunları olan xaricilər öz ölkələrində yüksək dövlət və ictima vəzifələr tutur, Azərbaycanda keçirdikləri tələbəlik illərini xoş xatirələrlə yada salırlar.


Sovet İttifaqı dağıldı və Azərbaycanda təhsil alan əcnəbilərin sayı ciddi şəkildə azaldı. İndi həmin illərdə mövcud olan tələbə kontingentinin bəlkə də heç yüzdə biri yoxdur. Buna səbəb nədir?


Bu və ya digər suallar bizi də maraqlandırır. 

AzEdu.az saytı Elm və Təhsil Nazirliyinin qeyd etdiyimiz təltifini nəzərə alaraq, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsili ilə bağlı silsilə təhqiqat işi aparmağı hədəfləyib. Bu sahədə uğur qazanan, mükafatlandırılan universitetlərlə yanaşı, zəif nəticəyə malik ali məktəblərə də toxunacağıq. 

Nazirliyin təşəkkürnamələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinə təqdim olunub. Bu müəssisələr əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi meyarları nəzərə alınmaqla təltif olunub.   

 

Layihəmizin davamı olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi tələbələrlə işini diqqətə çatdırırıq.

Suallarımızı Universitetin mətbuat katibi Nicat Abdullayev cavablandırıb. 

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti əcnəbi tələbələrin təhsilinə görə Respublikamızdakı ali məktəblər sırasında 3-cü yerdədir.


“2022/2023-cü tədris ilində universitetimizdə təhsilin bakalavr, magistr, doktorantura səviyyələrində və əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsində 15 ölkədən 420 əcnəbi vətəndaş təhsil alır”.

 

Universitetdə əcnəbi tələbələr Azərbaycan, ingilis və rus dillərində təhsil alırlar.

 

AzMİU əcnəbi vətəndaşları yataqxana ilə qismən təmin etmək imkanına malikdir. 

 

N.Abdullayevin sözlərinə görə, universitetdə təhsil alan əcnəbi tələbələr respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər:

 

“Universitetdə əcnəbi tələbələrlə iş illik iş plan əsasında həyata keçirilir. İş planında əcnəbi tələbələrlə aparılan mədəni-kütləvi iş mühüm yer tutur. Universitetdə təhsil alan əcnəbi tələbələr respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər: ölkə tarixinin əlamətdar günləri, Azərbaycan xalqının milli bayramları, tarixi yubiley tədbirləri əcnəbilərin iştirakı ilə yüksək təntənə ilə qeyd olunur. Azərbaycanın tarixini və turistik məkanları tanıtım məqsədilə respublikanın və Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar təşkil olunur”.

 

Müsahibimizin sözlərinə görə, universitetin maliyyələşdirilməsində əcnəbi tələbələrin çəkisi 16 % təşkil edir. 

 

AzMİU rəsmisi əcnəbi tələbələrlə iş sahəsində uğur qazanmağın səbəbini belə izah edib: 

 

“Universitetimiz dünyanın müxtəlif reytinq bazalarında özünü tanıtmış, 2019-cu ildə bakalavr səviyyəsi üzrə memarlıq ixtisası RİBA-nın 5 illik akkreditasiyasıını əldə etmişdir. Universitetin reklamı və əcnəbi tələbələrin təşviqi ilə əlaqədar “İctimaiyyətlə əlaqələr və marketinq” mərkəzi yaradılmışdır. Beynəlxalq sərgilərdə iştirak, universitetdə hər il karyera sərgisinin keçirilməsi, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, universitetin saytında mütəmadi olaraq yenilənmə, əcnəbi tələbələrin daha cox diqqət tələb etdikləri məsələlərə xüsusi qayğı, əcnəbi tələbələrin maraq dairələri çərçivəsində işin təşkili, 2-li diplom proqramları, məzunlarla sıx əlaqələr, əcnəbi tələbələrin asudə vaxtlarının təşkili uğur qazandıran amillərdir”.