Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 15:12:00
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda təqdimat

Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin aparıcı elmi işçisi dosent Təbriz Yadigarov “Xarici iqtisadi əlaqələrin inkişafında gömrük-tarif tənzimlənməsinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin əhəmiyyətini şərh edən məruzəçi büdcə gəlirlərinin formalaşma mənbəyi kimi gömrük-tarif tənzimlənməsinin xarici iqtisadi əlaqələrin inkişafına təsirinin qiymətləndirilməsinin aktuallığını əsaslandırıb.

 

AzEdu.az xəbər verir ki, tədqiqat işində xarici ticarət əməliyyatlarında güzəştli rüsumlarla bağlı məsələlər geniş şərh edilib. Azərbaycanda gömrük-tarif tənzimlənməsində gömrük rüsumlarının dərəcələrinin səviyyəsi ilə ölkənin inkişaf səviyyəsi arasındakı qanunauyğunluq EViews-12 proqram paketinin tətbiqi təhlil olunub. Müəyyən edilib ki, Azərbaycanda ixrac üzrə iqtisadiyyatın açıqlıq dərəcəsini ifadə edən ixrac kvotasının artması, tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsini xarakterizə edən balanslı xarici ticarət fəaliyyəti əmsalının artmasına, idxal kvotasının artması isə əksinə onun azalmasına səbəb olur.

 

Tədqiqat işində, həmçinin gömrük tarif tənzimlənməsinin ölkəmizin tərəfdaş ölkələrlə assosiativ fəaliyyəti ixrac və idxal əməliyyatları üzrə entropiyanın tətbiqi ilə qiymətləndirilərək müstəqil idxal siyasəti yeritmək sahəsində Azərbaycanın potensial imkanları hesablanıb. Xarici ticarət indikatorları üzrə idxal və ixrac əməliyyatları xərcləri, bu əməliyyatlara sərf edilən vaxt bəzi ölkələrlə, o cümlədən, Türkiyə, Gürcüstan və Danimarka ilə müqayisə edilərək qiymətləndirilib. 2030-cu ilədək tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsi Eviews-12 proqram paketinin tətbiqi ilə proqnozlaşdırılıb.

 

Müəllif xarici iqtisadi əlaqələrin inkişafında gömrük-tarif tənzimlənməsinin təhlili və qiymətləndirilməsi əsasında əldə edilmiş nəticələrə əsasən təkliflər də irəli sürüb.

 

Sonda seminarda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.