Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 14:09:00
UFAZ əməkdaşlığı genişləndirir

Azərbaycan-Fransız Universiteti (UFAZ) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bacarıqlarını artırmaq və yeni biliklər əldə etmək istəyən mütəxəssislərə davamlı təhsil imkanları yaratmaq məqsədilə yeni əməkdaşlıq elan edib.

 

AzEdu.az xəbər verir ki, UFAZ Tədris Mərkəzi vasitəsilə bugünkü işçi qüvvəsinin ehtiyaclarına uyğunlaşdırılmış tədris üçün unikal və innovativ yanaşma təklif edir. Eyni zamanda, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təklif olunan “Technest Təqaüd Proqramı” kompüterlə bağlı əmək bazarına səmərəli töhfə verə biləcək bacarıqlı kadrlardan ibarət sosial icma yaratmaq üçün nəzərdə tutulur.

 

UFAZ ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında ilk əməkdaşlıq “Təsvirin emalı üçün dərin öyrənmə: nəzəriyyədən sənaye 4.0-a” adlı kurs olub. İki aylıq kurs hibrid rejimdə aparılıb və 15 dinləyicidən ibarət seçilmiş qrupa təklif olunub. Strasburq Universitetinin müəllimi Karim Tout tərəfindən tədris olunmuş kurs tələbələrə texnologiya sənayesində təsvirin emalı sahəsində praktiki bacarıq və bilikləri inkişaf etdirmək üçün imkan yaradıb.

 

Bu əməkdaşlıq rəqəmsal dövrdə peşəkarlar üçün bacarıqlarda mövcud olan boşluqların aradan qaldırılması və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm addımdır. UFAZ və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi hazırki dinamik iş bazarında peşəkarlar üçün əlçatan və uyğun olan innovativ öyrənmə imkanlarını təmin etməyə hazırdır.

 

Sertifikat mərasimindən əvvəl keçirilən görüşdə UFAZ rəhbərliyi əməkdaşlığa və dəstəyə görə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə minnətdarlığını bildirib. Görüşdə, həmçinin UFAZ ilə İRİA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib və sentyabr ayında süni intellekt üzrə növbəti təlim proqramının başlanması imkanlarını müzakirə edib.

 

UFAZ və İRİA əməkdaşlığı genişləndirmək və süni intellekt sahəsini inkişaf etdirmək məqsədilə yeni təşəbbüslər irəli sürmək üçün razılığa gəliblər.

 

Sonra “Təsvirin emalı üçün dərin öyrənmə: nəzəriyyədən sənaye 4.0-a” adlı kursu bitirən mütəxəssislərə sertifikat verilib.

 

Azərtac