Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 13:37:00
Qarabağın ermənilər yaşayan ərazilərində təhsilin vəziyyəti…

Qarabağda yaşayan errməni icmasının Azərbaycan Respubliksına inteqrasiyası artıq qaçılmazdır. Ermənilər onları gözləyən bu taledən nə qədər qaçmaq istəsələr də, artıq Azərbaycanın tərkibində, azərbaycanlılarla birlikdə yaşamalı olacaqları fikrini qəbul etməyə başlayırlar. Qarşıda uzun müddət Azərbaycandan ayrı düşmüş böyük bir kəsimin cəmiyyətimizə, iqtisadiyyatımıza inteqrasiyası kimi bir vəzifə durur.

Təhsil sisteminin inteqrasiyası da bu sahədə görüləsi işlərin əsasında dayanır. Azərbaycan rəhbərliyi ilk vəzifəsini təhsil sistemlərinin birləşdirilməsi sahəsində aparılacaq yenidənqurmada görür.

 
Azərbaycan Respublikası Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi və müvafiq qurumların ermənilər yaşayan ərazilərdəki uşaq bağçası, məktəb və universitetlərin Azərbaycan təhsil sisteminə birləşdirilməsi istiqamətində fəaliyyətə başlaması haqqında qeyri-rəsmi olsa da, məlumatlar gəlir. Bu da yaxın gələcəkdə  erməni uşaqlarının Azərbaycan uşaq bağçaları və məktəblərində təhsillərini davam etdirəcəklərinə hazır olmağımız üçün bir işarədir. Erməni icmasının Azərbaycanla inteqrasiyasına təhsil sahəsindən başlanması da uzaqgörən addımdır. Çünki bütün ömrünü Azərbaycana qarşı mübarizəyə həsr etmiş böyüklərin yeni reallıqla yaşamağa alışdırmaq daha çətindir, nəinki uşaqları.

 
Biz də Azedu.az təhsil portalı olaraq ermənilərin yaşadıqları ərazilərdəki təhsil müəssisələri barədə mütəmadi məlumatlar verəcək, inteqrasiya prosesini həmişə diqqət mərkəzində saxlayacağıq.

Bu gün isə 2020-ci il ilə qədər ermənilərin yaşadığı ərazilərdə mövcud olan uşaq bağçaları haqqında danışacağıq.

Qarabağdakı uşaq bağçaları

Qarabağda hadisələr başlayan ərəfədə təhsil sistemi SSRİ və Azərbaycan SSR-də mövcud olan sistemin tərkib hissəsi idi . Erməni separatçıları fəaliyyətə başladıqları vaxt bu ərazidə 100-ə yaxın uşaq bağçası mövcud olub. Təbii ki, bu uşaq bağçaları həm də qarışıq tipli bağçalar idi və onlarda  azərbaycanlı ailərdən olan uşaqlar ermənilərlə birlikdə tərbiyə alırdılar.

Amma sırf Azərbaycan ailələri və sırf erməni ailələri üçün olan bağçalar da var idi. 1991-ci ildən sonrakı proseslər azərbaycanlılar yaşdığı ərazilərdə digər təhsil müəssisələri kimi, uşaq bağçalarının da kütləvi şəkildə dağıdılması ilə nəticələndi. Bu ərazidə dağıdılan uşaq bağçalarının sayı 70-dən yuxarıdır. Amma ermənilər özləri üçün yaşayış məntəqələri kimi seçdikləri ərazilərdə uşaq bağçalarınıqoruyub saxladılar ki, istifadə edə bilsinlər.

2020-ci ilə qədər ermənilərin nəzarətində olan Xankəndi şəhəri və digər yaşayış məntəqələrində cəmi 20-yə yaxın uşaq bağçası olub. Düzdür, ermənilər Qarabağda mövcudluqları ilə bağlı bütün statistikaları şişirtdikləri kimi, uşaq bağçalarının da sayını 50-dən yuxarı göstərirlər. Amma bu dəqiq deyil. Daha doğrusu, onların guya 120 min əhalisinin olduğuna dair  yaydıqları  məlumatda olduğu kimi əsassızdır. Uşaq bağçalarının əksəriyyəti də 20-23 nəfərdən təşkil olunurdu. Xankəndi və Əsgəranda olan bağçalarda uşaqların sayı nisbətən çox idi - 40-50- nəfər.


2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra bu ərazilərdəki uşaq bağçaları kütləvi surətdə fəaliyyətini dayandırdı və bağlandı. Müharibə başa çatdıqdan sonra isə əhalinin yarıdan çoxunun bu ərazini tərk etməsi ilə əlaqədar olaraq bağçaların cüzi bir hissəsi fəaliyyətini bərpa edə bilib. Onlar da fasilələrlə işləyir. İndi Xankəndidə cəmi 3 uşaq bağçası işləyir. Bu bağçalar da hər gün bağlanmaq təhlükəsi ilə üz-üzədir. Çünki sabah onları nə gözlədiyi barədə məlumat yoxdur. Orada yaşayanların çoxu ərazini tərk edib getməyin yollarını axtarır. Buna imkan tapanlar mövcud qeyri-müəyyənlikdən qurtulduqları üçün özlərini çox şanslı hesab edirlər.