Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 15:16:00
FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirilib 

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

 

AzEdu.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu N.Qasımov adına Cığatelli, M.Əlibəyov adına Xırxatala, Oğuz rayonu Xaçmazqışlaq və Ə.Abdulhüseyinov adına Sincan kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhər 2 nömrəli tam orta məktəbdə, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Xəsili kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayon Əliabad kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Peşə Liseyində, Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayonu 96 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Kürdəmir şəhər 1 nömrəli və Zərdab rayon Körpükənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

 

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.