Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 10:40:00
BMU-nun alimi elmi seminarda məruzə ilə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Rakib Əfəndiyev Rusiya Elmlər Akademiyasının Vladiqafqaz Elmi Mərkəzinin Cənub Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə reallaşdırılan elmi seminarda məruzə ilə çıxış edib.

 

AzEdu.az xəbər verir ki, Rusiyalı mütəxəssislərin qatıldığı seminar “Qraflar və təbəqəli çoxluqlar üzərində tənliklər” mövzusuna həsr olunub. Elmi tədbir Şimali Osetiya Dövlət Universitetinin cəbr və analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Ruslan Kulayev, Voronej Dövlət Universitetinin əməkdaşları - Riyazi modelləşdirmə kafedrasının professoru Oleq Penkin, Fizika-riyaziyyat elmləri doktoru, professor Vladimir Pryadiyevin rəhbərliyi ilə baş tutub.

 

BMU alimi Rakib Əfəndiyevin “Qraflarda öz-özünə qoşma olmayan periodik potensiallı adi diferensial operatorların spektral analizi” adlı məruzəsi seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.

 

Seminarda laylı, qeyri-homogen mühitdə dalğaların yayılmasının spektral analizi, həmçinin ulduz qraflarda dalğanın birölçülü qeyri-konservativ mühitdə yayılması məsələləri ətraflı müzakirə edilib.