Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 11:24:49
Ucqar kənd müəllimlərinin ilk dərs günü xatirələri – “Utandığımdan evə qayıtmaq istəmirdim, çünki məktəbdə...” - FOTOLAR

15 sentyabr Azərbaycanda "Bilik günü" kimi qeyd olunur.

Hazırda müxtəlif bölgələrdə müəllim işləyən gənclər ilk dərs günü xatirələrini AzEdu.az-la paylaşıblar.

Əvvəlcə hər müəllimdən bir sitat:

“İlk dərsin tez bitməsini, evə tez getməyimi elə arzulayırdım ki, sanki, illərdir evdən uzaq qalmışdım”, - Məcid Musayev

“Müəllimə məni sinfə nümunə göstərdi. O zaman çox qürurlandım”,- Posu Mansırlı

“İlk dərs gününə gecikdiyim üçün Əli müəllim mənə “4” yazmışdı”,- Rəşad İsalı

“ 4 rəqəmini səhv yazdığım üçün müəllim qulağımı çəkmişdi”,- Aysel Səfərzadə

TARİX - 1993, 1 sentyabr.
MƏKAN - Mingəçevir şəhər 15 saylı tam orta məktəb.

MÜƏLLİM - İsmayıllı rayon, İstisu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məcid Musayev:

İLK DƏRS GÜNÜ XATİRƏSİ - “İlk dəfə parta arxasında əyləşmək mənim üçün qeyri-adi gəlirdi”.

“Çünki mənim uşaq dünyamda  başqa bir həyat başlayırdı. İlk dərsin tez bitməsini, evə tez getməyimi elə arzulayırdım ki, sanki, illərdir  hamıdan uzaq qalmışdım. Düzdür, ilk dərs günündə müəyyən qədər darıxsam da, daha sonra məktəbi, müəllimimi, şagird yoldaşlarımı çox istəməyə başlamışdım. Bugünkü kimi yadımdadır, ibtidai sinif müəlliməmin əlimdən tutub yazı yazmağı öyrətməyi...”

Foto –  Məcid Musayev: “Bu, məktəb illərindən ilk fotomdur”

TARİX - 1999, 1 sentyabr.
MƏKAN - Şəki şəhər, 11 saylı tam orta məktəb.

MÜƏLLİM - Şəki şəhər, Baş Göynük kənd 1 saylı tam orta məktəbinin informatika müəllimi Aysel Səfərzadə:

İLK DƏRS GÜNÜ XATİRƏSİ - “ Şagirdlər çox olduğu üçün mənə hərf öyrətməyə vaxt çatmırdı”.

“İlk dəfə məktəbə əlimdə gül dəstəsi ilə atam aparıb. Sinif rəhbərimiz Bahar müəllimə idi. Açığı, tanışlığımız tam da yadımda deyil. Deyəsən, sinifdə 28 nəfər idik. İlk günüm çox da xoş olmamışdı. Çünki şagirdlər çox olduğu üçün mənə hərf öyrətməyə vaxt çatmırdı. Mən də “4” rəqəmini çap şəklində yazmışdım. Bu da müəllimin xoşuna gəlmədiyi üçün, qulağımı çəkmişdi. Bu, məni incitsə də, sonra müəllimim dərsə həvəsimi gördüyü üçün dostlaşmışdıq.

Yadımdadır, bir dəfə Bahar müəllimə dərsə gəlməmişdi deyə, bütün sinfi bir-birinə qatmışdım. Hamı başıma toplaşmışdı, izah edə bilmirdilər ki, başqa bir qız onu sadəcə bir günlük əvəz edir. Bir də, məktəb vaxtı oğlanlarla yola getmirdim. IV sinfə qədər məni əsəbləşdirən oğlanları döyürdüm. “Əlifba bayramı”nda isə şeir deyəndə, anidən yadımdan çıxmışdı. Əlimlə ağzımı bağlayıb durmuşdum, heç kimə də yadıma salmağa qoymurdum. Sonra birdən yadıma düşdü, davam elədim....”

Foto – Aysel Səfərzadə: “ Bu, atamdır. Soldakı mən, sağdakı isə bacım. Həmin gün o, 4-cü sinifə gedirdi. Mənimsə hələ ilk dərs günüm idi”.

TARİX - 2000, 1 sentyabr.
MƏKAN - Qusar şəhər 1 saylı tam orta məktəb.

MÜƏLLİM - Yardımlı rayon, Sıxhüseynli kənd orta məktəbinin tarix-coğrafiya müəllimi Posu Mansırlı:

İLK DƏRS GÜNÜ XATİRƏSİ - “Utandığımdan evə getməmişdim”

“İlk dərs günü açılışdan sonra sinfə getdik. Amma valideynləri sinfə almadılar. Sinif yoldaşlarım hamısı ağlayırdı, tək məndən başqa. Ona görə, müəllimə məni önə çıxarıb nümunə göstərdi. O zaman çox qürurlandım.

Məktəb vaxtı sözəbaxan, çalışqan şagirdlərdən olmuşam. Həmişə qiymətlərim əla olub. Birinci sinifdə oxuyanda rus dili fənnindən “4” aldığım üçün çox pis olmuşdum. Utandığımdan evə də getməmişdim. Həmin 4 qiyməti, sözün əsl mənasında, mənə “dərs oldu”. Ondan sonra dərslərimə daha da ciddi hazırlaşmağa başladım”.

Foto –  Posu Mansırlı: “Soldakı mənəm. Ortadakı isə mənim ilk müəllimim Rübabə müəllimədir”

TARİX - 1999, 1 sentyabr.
MƏKAN - Tovuz rayon, Bayramlı kənd tam orta məktəbi

MÜƏLLİM - Lerik rayon, Vizəzəmin kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşad İsalı:

XATİRƏ - “Atam ilk dərs gününə təzə kostyum və qalstuk almışdı”.

“İlk dəfə idi ki, kostyum geyib, qalstuk taxıb məktəbə gedəcəkdim. Həm sevinir, həm də həyəcanlanırdım. Ən vacib məsələ isə gedəndə qonşumuz ilə bir gedəcəkdik. Səhər tezdən hazırlaşıb böyük həvəslə məktəbə getdim ki, qonşumuzu çağırım, söz vermişdim. Qapılarına çatıb nə qədər qışqırdımsa, səs gəlmədi. Kənddə qapılar evdən uzaq olduğundan eşidilmirdi səsim və həyətdə it olduğundan həyətə də girə bilmirdim. Mən nə qədər qışqırdımsa, səsimi eşidən olmadı. Tək də gedə bilmirdim. Xeyli vaxtdan sonra nəhayət qapını açdı və məktəbə getdik. Gecikmişdik... Məktəbə ilk qədəmim gecikmə ilə başladı. İlk ibtidai sinif müəllimim Əli müəllim idi. Birinci qiyməti də o, yazdı - hamıya “5”, mənə gecikdiyim üçün “4”. Həmin gün utandığımdan evə də girə bilməmişdim, qapının yanında , yerdə oturmuşdum. Amma sonra 11-sinifə qədər sinif nümayəndəsi oldum”.

Foto –  Rəşad İsalı: “Biz kənd uşağı olmuşuq (red:gülür). O vaxt kənddə fotoaparat çətin tapılırdı deyə heç şəklim olmayıb”.