Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 12:02:00
AzTU-da Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib

Erasmus+ proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində  Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. İclasda Azərbaycan Texniki Universitetini (AzTU)  beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təmsil edib.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda təşkil olunan toplantıda ilkin olaraq tərəfdaşlar komitə üzvləri ilə tanış olublar. Həmçinin strateji inkişaf məsələləri  üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Müzakirələrin gedişində tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib. 

 

İclasda İdarə Heyətinin sədri vəzifəsinin tutulması üçün 2 nəfərin namizədliyi irəli sürülüb. 85,7 % səs çoxluğu ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının tədris və innovasiya üzrə prorektoru Araz Aslanlı İdarə Heyətinin sədri seçilib.

 

Daha sonra sədr müavini vəzifəsinin tutulması üçün səsververmə keçirilib. Səsvermənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər.

 

Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.