Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 11:04:00
Azərbaycandakı azsaylı axşam məktəbləri – tədris qaydaları, əlavə imkanlar, arzulanan attestat

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  4 ümumi təhsil məktəbinin (193, 136, 25 və 248 nömrəli tam orta məktəblər) nəzdində qiyabi qruplar fəaliyyət göstərir. Ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplarda təhsil prosesi vahid qaydalar əsasında təşkil olunur və tənzimlənməsi təmin edilir.

Bəs, 4 ümumitəhsil məktəbində fəaliyyət göstərən qiyabi qrupların əsas məqsədi nədir?

Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, gündüz ümumi təhsil məktəbləri nəzdindəki qiyabi qruplar təhsil sisteminin tərkib hissələrindən biridir. Qiyabi qruplarının əsas məqsədi gənclərin və yaşlıların tam orta təhsil almalarına imkan yaratmaqdan ibarətdir. 

Gündüz ümumi təhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planına əsasən, qiyabi qruplar 9 nəfərdən az olmamaqla komplektləşdirilir. Qiyabi qruplarda dərslər məktəb direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə həftədə 3 gün tədris edilir. Qiyabi qruplarda təhsil alanlar üçün tədris dilindən asılı olaraq, Azərbaycan dili (rus dili), riyaziyyat, fizika, kimya fənlərindən fərdi məsləhət məşğələləri təşkil edilir. Hər fənn üzrə fərdi məsləhət məşğələsinə həftədə 0,5 akademik saat ayrılır. Qiyabi qruplarda təhsil alanların tədris olunan fənlər üzrə proqram materiallarını mənimsəməsi səviyyəsinə uyğun olaraq, yarımillik və illik qiymətlər müəyyən edilir.

Bundan əlavə, işləyən və gündüz dərslərində iştirak edə bilməyən qiyabi qruplar üçün axşam dərsləri də təşkil olunur. Dərslər 18:30-da başlayır 22:30-da başa çatır. Bu qruplarda 12-ci sinif də mövcuddur. Dərsləri uğurla başa vuran və eksternant imtahanında uğur qazanan şəxslər attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququ qazanırlar. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bölgələr üzrə yalnız Gəncədə yerləşən bir məktəbdə qiyabi qruplar fəaliyyət göstərir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları