Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 10:57:00
“Cəmiyyətin ən zəhmətkeş kütləsi repetitorlardır,  adlarını hallandırmayaq” –  “Çoxuşaqlı” müəllim qruplarına son!  

Son vaxtların gündəmdə olan məsələlərindən biri də repetitorlardır. Bir müddət bu fəaliyyətlə məşğul olduqdan sonra bölgələrdə adla deyilən, sayılıb seçilən repetitorlar da  olur. Bununla yanaşı,  bu cür repetitorlar tanındıqca, nüfuzları artdıqca,  həmin bölgənin daha çox  abituriyenti onların yanına hazırlığa getməyə can atırlar. Bu halda qrupların və oradakı uşaqların sayı da artır. Onlar da bu haldan istifadə edərək gələnləri geri qaytarmayıb, qəbul edirlər.

Bəs, bu vəziyyət abituriyentlərin nəticələrinə necə təsir edir?

AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Kimya fənni üzrə Ekspertlər Şurasının üzvü Mütəllim Abbasov qeyd edib ki, repetitor nə qədər gözəl dərs keçirsə, onun başına  bir o qədər də çox uşaq yığılır:

“Qrupdakı uşaq sayının proqramı mənimsəmə amilinə mənfi təsiri yoxdur. Həm dəqiq, həm humanitar, həm də təbiətyönümlü fənlər üçün bunu deyə bilərik. Repetitorun hazıqlıq  qrupunda hansı fənni öyrətməsi fərq etmir: uşaq çoxluğunun buna qəti ziyanı ola bilməz! Amma yenə də az hazırlıq qrupundakı abituriyentlərin sayının az olması təbii ki, yaxşıdır. Bu, effekti və uşağa ayrılan diqqəti daha da artırmış olar. Əlavə olaraq qeyd edim ki, kurslarda da  vəziyyət eynidir”.

Tarix elmləri doktoru Kərəm Məmmədov bildirib ki, müraciət edən şagirdlərin sayı artdıqca, repetitor məcbur olur ki, qrupların və oradakı üzvlərin də sayını artırsın:

 “Adamın rejimi tutaq ki, 8 saatdırsa, qrupda 5 uşaq əvəzinə 10 nəfər götürürsə, deməli, vaxtına  2 dəfə qənaət etmiş olur.  Amma təsəvvür edin, həmin  8 saatı 3 abituriyentlik qruplara həsr etsə, bu, gündəlik 12 nəfərə dərs keçmək demək.  Lakin müraciət edən çoxdursa,  təbii ki, qruplara  3 deyil, 6 nəfər götürəcək. Bu da fəndən asılıdır. Məsələn, riyaziyyat fənnində uşaq az olsa, daha yaxşıdır, humanitar fənlərdə isə belə deyil. Ümumiyyətlə, cəmiyyətin ən zəhmətkeş kütləsi deyərdim ki, repetitorlardır. Onların adlarının belə hallanması düzgün deyil, sanki bütün dərdimiz  qurtarıb, bir repetitor məsələsi gündəmə gəlib. Onlar da müəllimlərdir.