Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 13:37:00
Kurslardan repetitorlara ittiham – “Hazırlıq zamanı eyni anda, 15-20 şagirdə dərs keçilir”  

Azərbaycanda repetitorluq fəaliyyəti geniş yayılsa da, son illər valideynlər hazırlıq kurslarına daha çox üstünlük verir. Kurslara üz tutmalarına səbəb qiymətlərin daha uyğun olması və abituriyentlərin rahat ortamda olmasıdır. Amma bununla yanaşı, onların narazı olduğu bir məqam da dərslərdə uşaq sayının çoxluğudur. Bəzən, dərslərdə daha az uşaq olacağı göstərilsə də, sonradan bu rəqəm artır.

Bəs, dərslərdə iştirakçı sayının çox olması onların nəticələrinə necə mənfi təsir göstərir?

Hədəf Kurslarıının tədris işləri üzrə direktoru Elxan Nəcəfov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, ümumilikdə bütün hazırlıq istiqamətlərində, istər fərdi, istərsə də kurslarda dərslər qruplar şəklində tədris olunur:

Say məsələsinə gəlincə...

“Repetitor da “qrup açıb, dərs keçirəm” deyəndə ən azı 10-12 şagirdlə eyni anda tədris aparır. Bu, hamıya bəllidir. Peşəkar repetitorlardan fərqli olaraq, bir neçə ildir, bu fəaliyyətlə məşğul olanlar vaxtını, qruplar  üzrə cədvəllərini belə düzəldir. Kurslarda da qrupda uşaqların sayı repetitorlardakından çox olmur. Hədəf Kurslarının tədris işləri üzrə direktoru olaraq deyirəm ki, bizdə auditoriyalarımız 10-12 nəfərdən artıq şagird tutmur, bir çox hallarda qrupda 8 şagird olur. Belə bir fikrin formalaşmasında  rəqabət amili var. Repetitorlar cəbhəsi deyir ki, kurslarda daha çox uşaq olur. İşin reallıq tərəfi budur ki, həm  kursda, həm də repetitorların qruplarında hazırlıq zamanı şagird sayı 10-12 üzərində olur. Amma fərdi hazırlıqla məşğul oluram deyib qrupa 15-20 nəfər yerləşdirənləri də görmüşəm. Məncə, bu kurslara qarşı antireklam xarakteri daşıyır. Hər hansı kursda maksimum 12 nəfər olur”.

Elxan müəllim onu da  vurğulayıb ki, hər hansı şagirdə tədrisdə nəyisə öyrətmək, rəqabət mühiti yaratmaq, dərsin keyfiyyətli olmasında şagird sayının 10-12 nəfər , minumum 8 olması daha müsbət haldır:

“Bir müəllimin daha həvəsli şəkildə fikirlərini çatdırması, ortaya daha çox sualın çıxması, maraqlı olması üçün çox şagirdlə işləməsi daha uyğundur. Təsəvvür edin  bir-iki şagirdlə dərs keçirsən və onlara ünvanlayırsan ki, başa düşmədiyiniz sualları deyin izah edim, bu zaman maksimum 1-2 sual olur, amma 10 şagird olduqda daha çox və maraqlı məqamlar ortaya çıxır. 8-10 şagird olan qrupda onların öyrənə bilmə və ya dərsə marağı, diqqətini yönəltməsi daha yaxşı olur. Mən bir müəllim kimi 2-3 şagirdlə dərsin tərəfində deyiləm”.

E.Nəcəfov bu sayın bütün fənlər üzrə də məqbul olduğunu bildirib:

“8-10 nəfərlik şagird sayı bütün fənlər üçün öyrətmək, mənimsətmək, öyrətdiyini tələb etmək, verdiyin tapşırığı yoxlaya bilmək baxımından məqbul  sayılır. Dil biliklərinin tədrisi zamanı isə şagirdin dil biliklərini  mənimsəməsinə say çoxluğu mane ola bilər, çünki onlara verilən sözlərin əzbərləmələri  üçün vaxt ayrılır və şagirdlərin hamısından ayrı-ayrılıqda  soruşulur. Amma bu say digər fənlər üçün ortaq bir həddir”.

Təhsil eksperti Kamran Əsədov  orta məktəblərlə kursları müqayisə edib. Onun sözlərinə görə, məktəblərdə sinif otağının sahəsinə görə şagird sayı müəyyən olunur:

“Yəni orta məktəblərdə bir sinif üzrə bu rəqəm minimum 20, maksimum 30 ola bilər. Təəssüf ki, bir çox paytaxt mərkəzində yerləşən məktəblərdə bu rəqəm 38-40 belə olur.  Nəzərə alsaq ki, dərs saatı 45 dəqiqədir, deməli şagird sayının artması dərsin keyfiyyətini aşağı salır. Orta məktəbdən fərqli olaraq hazırlıq kurslarında hansısa bir standart müəyyən olunmayıb. Buna baxmayaraq, şagirdlərin sayı ilə bağlı müəyyən vacib məqamlar var. Burada onların sayı otağın ölçüsünə görə müəyyən edilməlidir. Lakin kurslardakı qruplarda şagird sayının 8-10 arası olmasıı daha effektiv olar. Burada şagird sayı müəllimin peşəkarlıq səviyyəsindən də asılıdır, çünki bir çox hallarda hazırlıq kurslarında tədris aparan müəllimlər gənc, təcrübəsiz  olurlar və onlar çox şagird olan sinifləri idarə edə bilmirlər. Orta məktəbdən fərqli olaraq hazırlıq kursunun məqsədi abituriyentlərin yüksək bal toplaması olduğu üçün onlar daha çox test tapşırığı əsasında dərsi qururlar. Bu məsələ də saya təsir göstərir. Belə ki, 60 dəqiqəlik dərs zamanı həm sual - cavab etmək, həm test tapşırığı işləmək, ev tapşırığını yoxlamaq və s. işləri görmək üçün yetərli deyil. Nəzərə alsaq ki, çox hazırlıq kursunda dərs 60 dəqiqə yox, 45 dəqiqədir, bu zaman şagird sayının 8- dən çox olmaması daha yaxşı olardı”.

K.Əsədov əlavə edib ki, dəqiq fənlərdə: riyaziyyat, fizika, kimya kimi dərslərdə şagird sayı daha az  5-6 nəfər, humanitar fənlərdə isə 8 şagirdin olması daha yaxşı nəticə əldə etməyə imkan verə bilər.