Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 15:14:00
“Kənd məktəblərində vəziyyət acınacaqlıdır”-Məktəblərdə biabırçı davamiyyət,günahkar kimdir?

 

“Biz bu mövzu ilə bağlı valideyn və şagirdlərdə səhv axtarmalı deyilik. Çünki kənd məktəblərinə nəzər salsaq, orada vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik”.

 

Ölkə təhsil sistemində mövcud olan əsas problemlərdən biri də şagirdlərin dərsə davamiyyətilə bağlıdır.

 

Sirr deyil ki, xüsusilə regionlarda bu istiqamətdə ciddi problemlər var. Son olaraq Gədəbəy rayon Arıqıran kənd tam orta məktəbində müşahidə olunan hal buna nümunədir.

 

Bəs bu problemin əsas səbəbləri nələrdir? Məsələ ilə bağlı hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev  problemi valideyn və şagirddə axtarmağın düzgün olmadığını vurğulayıb:

 

“Təəssüf ki, bu hal sadəcə Gədəbəydə deyil, ölkənin bir çox region və kəndlərində eyni hal müşahidə olunur. Hətta bu kənddə məktəbə 55 şagird gəlmişdisə, digər kəndlərdə heç bu sayın yarısı qədər də nəticə görməyə bilərik. Biz bu mövzu ilə bağlı valideyn və şagirdlərdə səhv axtarmalı deyilik. Çünki kənd məktəblərinə nəzər salsaq, orada vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Məsələn, bir neçə gün öncə Bərdənin Mehdili kəndindən fotolar paylaşmışdım, orada yerləşən məktəbin böyük bir hissəsi dağılmışdı. Məktəbin vəziyyəti qışa hazırlıqlı deyildi. Bir valideyn niyə övladını belə bir məktəbə göndərsin? Kim istəyər ki, övladı soyuq sinifdə otursun və xəstələnsin?”

 

Gənclər “pul qazanmaq yolu''nu bilmirlər? - peşə təhsili dünyada və bizdə

 

Mütəxəssis kənd məktəblərinin vəziyyətinin ürəkaçan olmadığını söyləyib:

 

“Həmçinin məlumdur ki, dövlət ümumi təhsil müəssisələrinin 80%-də dərsin keyfiyyəti aşağıdır. Valideyn isə övladının yaxşı məktəbdə daha keyfiyyətli tədris almasını, ona yaxşı müəllimlərin dərs keçməsini istəyir. Bu kimi səbəbləri əsas götürərək valideynlər övladlarını kursa, repetitora yönləndirirlər ki, həmin şagird daha yaxşı balla universitetə qəbul olunsun, yüksək nəticə ilə xaricdə təhsil imkanı qazansın. Gəlin məsələyə fərqli aspektdən yanaşaq. Düşünün ki, şagird hazırkı vəziyyətdə təhsil almaq üçün kənd məktəbinə üz tutur. Sözsüz ki, şagirdlər orada kifayət qədər yaxşı təhsil ala bilməyəcəklər. Qəbul imtahanlarına sənəd verərkən yüksək bal toplaya, hətta keç keçidi keçə bilməyəcəklər”.

 

O, problemin həlli üçün qurum və təşkilatları birlik olmağa və təcili tədbirlər görməyə çağırıb:

 

“Əsas məsələ bunun səbəbkarının kim olması haqqında düşünməkdir. Günahkar nə valideyn, nə də şagird deyil. Elm və Təhsil Nazirliyi,Bakı Şəhəri üzrə Təhsil İdarəsi,həmçinin nazirlik yanında İctimai şura, müxtəlif təşkilatlar bu istiqamətdə tədbirlər görməli, problemin həlli üçün birlik olmalıdır. Bu birlik olmasa, məktəblərdə təhsil səviyyəsinin yüksəldilmədiyi, təhsil müəssisələrinin şəraitinin yaxşılaşdırılmadığı, maddi-texniki baza düzəldilmədiyi təqdirdə heç kimin şagird və valideyndən heç nə tələb etmək ixtiyarı yoxdur. Gədəbəydəki məktəbdə 201 şagirddən neçəsinin o kənddə yaşadığı isə ayrıca maraqlıdır. Heç bəlkə də o uşaqların əksəriyyəti o kənddə yaşamırlar. Sadəcə adlarını o məktəbə qeydiyyata salırlar ki, uşaqlar kursa, repetitor yanına getsinlər və qəbulda yüksək  nəticə göstərsinlər. Amma sonda o uğurlar elə bu məktəblərin adına yazılır”.

 

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub. Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.