Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 12:40:00
Məktəbdə direktor-müəllim konflikti –“Sinifim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”  

“Sumqayıt şəhər 5 nömrəli orta məktəbin direktoru Bəşir Şəfiyev 35 ilin müəllimi olmağıma baxmayaraq, mənim sinfimi əlimdən alaraq, kollec bitirən müəllimlərə verib”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Müşkinaz İsmayılova deyib. Müəllimənin sözlərinə görə, məktəbə 6 ildir, direktor təyin olunan Bəşir Şəfiyev onu işdən çıxarmaqçün əlindən gələni edib:

“5 uşaq anası, şəhid bacısıyam. 35 ilin ali təhsilli müəlliməsiyəm. Direktor Bəşir Şəfiyev dərs dediyim sinfimi əlimdən alaraq ali təhsili olmayan, kollec bitirən müəllimələrə verib. Xahiş edirəm, həmin məktəbin pedaqoji heyəti yoxlanılsın. Bəşir Şəfiyev məktəbə direktor təyin olunan gündən məni təhqir etdi, məktəbdən qovmaqla hədələyərək işimi əlimdən aldı. Məni “savadsız” adlandırır və deyir ki, uşaqlarla ünsiyyətim pisdir. Deputatların, akademiklərin oğullarına dərs demişəm. İndi savadsız oldum?! Diaqnostik Qiymətləndirilmədə 35 bal toplamışam. Banklara borcum var, övladım da xəstədir. Pul tapa bilmirəm ki, onu müalicə etdirim. O məktəbdə bir nəfər də olsa pedaqoq qalmayıb, hamısı uzaqlaşdırılıb”.

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxladıq. Bəşir Şəfiyev qeyd edib ki, söylənən iddiaların heç bir həqiqəti əks etdirmir:

“Müşkinaz İsmayılovanın sinfi əlindən alınmayıb. Ötən il Təhsil Nazirliyinin xətti ilə Müəllimlərin İşə Qəbulu imtahanlarından uğurla keçmiş 4 ibtidai sinif müəllimi işə qəbul olunub. Müşkünaz xanımın 15 saat dərsi var. Heç kim işdən uzaqlaşdırılmayıb. Məktəbdə 158 işçi var. Belə çıxır ki, onların hamısı hədələnir? Dərs saatı müəllimlərin sayına görə bölünüb. 20 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var. Onlardan 20-sinə sinif, yerdə qalanına yığma dərs saatı ayrılır. Hər sinifdən 2-3 saat dərs götürülərək, yığma dərs deyən müəllimlərə verilir. Elə bir qanun yoxdur ki, kollec bitirən müəllim işləyə bilməz. Hamıya dövlət xətti ilə diplom verilir. Müəllimlərin Dioqnostik Qiymətləndirilməsi sübut edir ki, kolleci bitirən müəllim universiteti bitirən müəllimdən çox bal toplayıbsa, onun savadı daha yüksəkdir. Həmin ballar əsasında da müəllimlərin dərsi saatı müəyyənləşdirilir”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları