Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 16:17:00
Alman alimi Genetik Ehtiyatlar İnstitutunda olub  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Almaniyanın Münxen Universitet Klinikasının eksperimental cərrahiyyə tədqiqat qrupunun rəhbəri, professor Aleksandr Bajinlə görüş keçirilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, görüşdə GEİ direktorunun elmi işlər üzrə müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov institutun strukturu, müasir istiqamətdə aparılan tədqiqatlar, əldə edilən nəticələr, son illərdə institut əməkdaşlarının beynəlxalq jurnallarda dərc edilən elmi məqalələrinin müsbət dinamikası, o cümlədən müasir genetikanın müxtəlif sahələri üzrə yeni yaradılmış laboratoriyaların fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, institutda AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə bitki genetik ehtiyatlarının toplanması, saxlanması və hərtərəfli tədqiqi ilə yanaşı, insan genetikası sahəsində də geniş fundamental tədqiqat işlərinə başlanılıb və xaricdə təhsil almış çoxlu sayda gənc mütəxəssis tədqiqatlara cəlb olunub. Bundan əlavə, institut beynəlxalq layihələrdə fəal iştirak etməklə yanaşı, həm də ölkə daxilində iri şirkət və klinikalarla da sıx əməkdaşlıq edir.

Professor A.Bajin Münxen Universitetində aparılan tədqiqatlar və əməkdaşlıq imkanları haqqında məlumat verib. Alim bildirib ki, onun laboratoriyasında dünyanın müxtəlif ölkələrindən olan çoxlu sayda tədqiqatçı elmi işlərini yerinə yetirir. A.Bajin onun elmi rəhbərliyi ilə azərbaycanlı alim Orxan İsayevin apardığı tədqiqatların əhəmiyyəti haqqında da məlumat verib və 2017-ci ildə mühüm bir məqalənin yüksək impakt faktorlu jurnalda nəşr olunduğunu diqqətə çatdırıb. Hazırda O.İsayevin kök hüceyrələri üzrə apardığı tədqiqatların böyük əhəmiyyət daşıdığını deyən A.Bajin yaxın gələcəkdə ilkin nəticələrin nəşr ediləcəyini vurğulayıb.

Müzakirələr zamanı Avropa Komissiyasının “HORİZON-2020”, “Erasmus+” kimi böyük layihələrində birgə iştirak və Almaniya səfirliyinin koordinasiya etdiyi DAAD və digər proqramlar çərçivəsində institutun gənc tədqiqatçılarının Münxen Universitet Klinikasının eksperimental cərrahiyyə şöbəsinə müxtəlif xarakterli tədqiqatların aparılması məqsədilə göndərilməsi haqqında ilkin razılığa gəlinib.

Daha sonra qonaq GEİ-nin biotexnologiya şöbəsinin tərkibində fəaliyyət göstərən genomika, insan genetikası və kompüter genomikası laboratoriyaları ilə tanış olub.