Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 11:19:00
“Dərslər heç bir halda 1  sentyabrda başlana bilməz”- ETİRAZ

 

 

Hər il sentyabr başlanmazdan əvvəl və ayın 15-dək olan ərəfədə “Yeni tədris ilinə zaman başlanmalıdır: 1, yoxsa, 15 sentyabr?” məsələsi  təkrar-təkrar gündəmə gəlir. İstər sosial şəbəkələr, istərsə də mediada bununla bağlı  fikirlər müxtəlif olub. Bir qrup şəxs yeni tədris ilinin 1 sentyabrdan, digərləri isə hazırkı formada – ayın 15-də başlanmasının vacibliyini qeyd edir və fikirlərini müəyyən mülahizələrlə əsaslandırmağa çalışırlar.  Məsələ necə tənzimlənməlidir? Tədris ili hansı səbəbdən 1 sentyabr deyil, 15 sentyabrdan başlamalıdır?

 

 "Tədris ilinin  nə zaman başlanması məsələsindən də vacib onun nə dərəcədə keyfiyyətli formada aparılmasıdır. Dərslərin məhz 15 sentyabrdan başlaması iqlim şəraiti ilə əlaqəlidir. Biz şagird olandan tədris ili sentyabrın 1-dən başlanırdı. O zaman isti hava səbəbindən biraz gec başlamasını arzu edirdik".

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında tanınmış jurnalist Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, tədris ilinin 1 sentyabrdan başlanmasını istəyənlər bəzi hallarda sovet ideologiyasına da xidmət olmuş olurlar

 

"Hava şəraiti birbaşa insanların həyatına təsir edir. Məsələn, ötən gün 43 dərəcə isti var idi. Evdə buxarlanırdıq. Belə istidə uşağı məktəbə buraxarlar? Hələ deyirlər ki 1 sentybarda başlasın dərs. Mən heç iyunda belə isti görməmişəm.Dərslərin sentyabrın 1-dən başlamasının tərəfdarları Sovet ideologiyasından çıxış edirlər. Bu sovet təhsil sistemini yenidən qaytarmaq istəyənlərin düşüncəsidir və məqsədyönlüdür".

 

"Azərbaycanda sentyabr ayı yay ayları kimi isti keçir. Bu səbəbdən dərslərin 15 sentyabrdan başlanması daha məqsədəuyğundur"

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil və Elm Nazirliyi yanında İctimai Şuranın rəhbəri Günel Səfərova deyib. O, vurğulayıb ki, dərslərin 15 deyil, 1 sentyabrdan başlanması yalnız bu halda mümkün ola bilərdi:

 

 

"Müxtəlif  ölkələrdə tədrisin başlanğıc tarixi də müxtəlifdir. Ölkəmizdə bu təqvim hava şəraitinə uyğunlaşdırılıb. Təhsil müəssisələrimiz sərinlədici vasitələrlə təmin olsunsaydı, tarixi önə çəkməklə bağlı düşünülə bilərdi. Tədrisin başlandığı tarixdən daha çox keyfiyyətli icrasına diqqət etməliyik".

 

 

 

"Dərslərin sentyabrın 15-i başlanıb iyunun 14-ü bitməsi ilə bağlı fərqli baxışlar, fərqli düşüncələr var. Əslində, dərslərin 15 sentyabrdan başlanması hava şəraiti ilə əlaqəlidir. Tədris ilinin başlanması tarixi ilə yanaşı tətil müddəti ilə bağlı da fərqli fikirlər var".

 

 

Bunu Azedu.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri  İlqar Orucov  deyib. O, sosial şəbəkələrdə müzakirə olunan məsələlərə də münasibətini bildirib:

 

 

“Düşünürəm ki, ölkəmizdə 3 aylıq tətil müddəti kifayət qədər uzundur. Başqa ölkələrdə bu müddət 40-45 gün təşkil edir. Sosial şəbəkələrdə dərs ilinin Mayda bitməsinin vacibliyini vurğulayırlar. Bu isə zərərli fikirdir. Belə olduqda, tətil müddəti 15 gün də uzanacaq. Bununla şagird məktəbdən-tədrisdən xeyli uzaq düşəcək"

 

 İlqar Oruc özəl məktəblərdə tədrisin başladığını da qeyd edir:

 

"Bəzi özəl məktəblərdə avqust ayından dərslərə başlanılıb. Təbii ki, belə müəssisələrdə isti hava xüsusi olaraq tənzimlənir. Bütünlükdə dərslərin 15 sentyabrdan başlanıb 14 iyunda bitməsi məqbul variantdır".

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları