Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 09:12:00
Cənub bölgəsinin yüksək nəticə göstərən məzunları mükafatlandırıldı-FOTOLAR

Cənub bölgəsində yüksək nəticə əldə etmiş məzunlar mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, avqustun 30-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini qızıl
və gümüş nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək
nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma
mərasimi keçirilib.

 

Tədbirdə müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun mükafatlandırılıb ki,
onlardan 68-i 600 baldan yuxarı nəticə göstərib.Həmçinin bu il Respublika Fənn
Olimpiadalarında qalib olmuş 24, orta məktəbi qızıl medalla bitirən 2, gümüş medalla bitirən
5, Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 məzun
mükafatlananlar sırasında olub.

 

Tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə yerli
icra hakimiyyətlərinin rəsmiləri, Lənkəran Regional Mədəniyyət mərkəzinin müdiri, regionda
fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib.
Mərasim Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə start götürüb.

 

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda
qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov təhsildə yüksək
uğurlar əldə edən məzunları təbrik edib, onları Azərbaycanın işıqlı gələcəyi adlandırıb.
Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr
təqdim olunub. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Respublika
Fənn Olimpiadasında I yerə layiq görülmüş, “TK MMC”-nin müdiri Emin Bağırov isə
ümumtəhsil müəssisələrini qızıl nişanla bitirmiş məzunlara xüsusi hədiyyələr təqdim ediblər.

 

Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.