Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 14:00:00
AzTU-nun professoru 84 yaşında vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əli Sadıxov 84 yaşında vəfat edib.    

 

AzEdu.az xəbər verir ki, Əli Sadıxov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirib. 1964-cü ildə Maşınqayırma texnologiyası kafedrasına assistent vəzifəsinə işə qəbul olunub. 1984-cü ildə dosent, 1991-ci ildə professor elmi adı alıb.

 

1971-1976-cı illərdə Əlcəzair Xalq Demokratik Respublikası, 1980-1984-cü illərdə Madaqaskar universitetlərində pedaqoji fəaliyyət göstərib. 1984-1987-ci illərdə Maşınqayırma texnologiyası kafedrasının müdiri, 1987-1989-cu illərdə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Ali Məktəblər İdarəsinin rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun tədris işləri üzrə prorektoru, 1990-1992-ci illərdə rektoru vəzifəsini icra edib. Onun rektor vəzifəsində çalışdığı dövrdə instituta universitet statusu verilib və Azərbaycan Texniki Universiteti adlandırılıb.

 

140-dan çox elmi-metodiki əsərin, o cümlədən 12 ixtira, 15 dərs vəsaiti və monoqrafiyanın müəllifidir.

 

AzTU-nun rəhbərliyi və kollektivi Əli Sadıxovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

 

Allah rəhmət eləsin!