Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-28 13:40:00
Sosial-iqtisadi inkişaf Strategiyası nə üçün əhəmiyyətlidir - Elnur Nəsibov

22 İyul 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Strategiyanın təhsilə aid Milli Prioritet 3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı çərçivəsində 3.1. "XXI əsrin tələblərinə uyğun təhsil” məqsədinə dair təqdimatla çıxış edib.


AzEdu.az xəbər verir ki, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov sosial-iqtisadi inkişaf Strategiyası ilə fikirlərini facebook hesabında yazıb

 

"İlk öncə sənəd qlobal texnoloji və innovativ inkişafı, onun milli iqtisadiyyata və təhsilə təsirlərini nəzərə alır və dövlətin bu istiqamətdə ciddi tədbirlər həyata keçirmək iradəsini təsbit edir. Dəyişən iqtisadi şərait, rəqabətli mühit və əmək bazarına uyğun kadrların hazırlanması üzrə səmərəli tədbirlər təqdim edir. Strategiya sənədinin daha bir üstünlüyü spesifik zaman çərçivələrinin, fəaliyyətlərin icrasına cavabdeh qurumların və ölçülə bilən nəticələrin qeyd olunmasıdır.

 

McKinsey Qlobal İnstitutu tərəfindən hazırlanan "İşin gələcəyi - İşəgötürənin Baxışı" adlı araşdırmasında qlobal rəqabət mühiti, əmək bazarı və işəgötürənlərin dəyişən tələbləri, gələcəkdə tələb olunan ixtisaslar, bilik və bacarıqlara dair maraqlı fikirlər yer alıb.

 

Belə ki, müasir ixtiralar nəticəsində əldə edilmiş texnologiyalar 2030-cu ilə qədər işlərin 50%-ni avtomatlaşdırılmış qaydada icrasını mümkün hesab edir. 45% işləyən əhali isə öz iş yerlərini dəyişmək və ya bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif formada təlimlər keçmək məcburiyyətində qalacaqdır. Ən narahedici məlumat isə rəyi soruşulan 87% işəgötürənlərin bu müddətə qədər adekvat dəyişikliklərin mümkün olmadığını qeyd etmişdir".

 

Bu vəziyyətdə işəgötürənlər qlobal texnoloji və innovasiya dəyişikliklərinə, bu dəyişikliklərin yaratdığı rəqabətli mühitə uyğunlaşması üçün hansı addımlar atmalıdır?

 

" İlk öncə, şirkətlər mövcud işçi qüvvəsini daha yüksək səriştə və bacarıqlara malik olması üçün yenidən təlimləndirə bilərlər. Eyni zamanda, ixtisaslı kadrların işə götürülməsi təşki oluna bilər. Mövcud işçilərin daimi deyil, müvəqqəti, layihəyə əsaslanan fəaliyyətlərə cəlb edilməsi də səmərəliliyi qaldıra bilər. Mövcud işçilərə yeni funksiyaların həvalə edilməsi, eləcə də işlərin bir hissəsinin sərbəst işçilər (freelans) və müvəqqəti kontraktorlara təqdim (outsource) etmək imkanı də nəzərə alına bilər.


Texnoloji və innovativ dəyişikliklər təhsil müəssisələrimizin də proqramlarına dəyişikliklərin edilməsini labüd edir. Klassik, uzun müddətli təhsil proqramları ilə yanaşı ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də peşə təhsili mərkəzlərində qısa müddətli ixtisas artırma, yeni ixtisas əldə etmək məqsədilə təlim və kursların təşkili vacibdir. Mövcud proqramların da təcrübə və digər praktik fəaliyyətlər nəzərə alınaraq çevikliyi artırıla bilər".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları