Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 12:36:00
Müəllimlərin sertifikasiyası  ilə bağlı vacib məqamlar-Ədəbiyyat siyahısı, müsahibə mərhələsi...  

 

 

Bu aydan etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.

 

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimləri proseslə bağlı narahat edən bir sıra vacib məsələlərə toxunub.

 

AzEdu.az onları təqdim edir:

 

O, müsahibə mərhələsi ilə bağlı yaranan söz-söhbətlərə aydınlıq gətirib:

 

“Hazırda serifikasiyanın müsahibə mərhələsi  ən çox müzakirə olunan məsələlərdən biridir. Onun qiymətləndirilməsi ilə bağlı mövzu, meyar və  çəkilər müəyyən olunub. Eyni şəkildə cavabların qiymətləndirilməsi üçün mümkün çərçivələr (rubriklər) hazırlanır və bu qaydalar müsahibə götürənlərə təlimlər vasitəsilə izah olunacaq. Bütün bu tədbirlərdən sonra insan faktorununun azalacağından əminik.

 

Müsahibə mərhələsinin şəffaf və ədalətli keçəcəyinə heç bir şübhəmiz yoxdur.

 

Müxtəlif qruplarda müsahibə hissəsi ilə bağlı mənfi fikirlərin yayılması əsassızdır”.

 

Müəllimləri narahat edən ədəbiyyat siyahısı  yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək:

 

“Yaxın günlərdə sertifikatlaşmaya hazırlıq məqsədi ilə ədəbiyyat və digər resursların siyahısını paylaşacayıq. Onların hamıya əlçatan olması üçün elektron bazaya yerləşdirilməkdədir.

 

Çərçivə sənədi və sual nümunələri artıq paylaşılıb. Vebinar və canlı seminarlar davam edəcəkdir.

 

İbtidai sinif müəllimləri ilə son görüşdə məlum oldu ki, iştirak edənlərin təxminən 10-15% sertifikatlaşma çərçivə sənədi ilə tanış olub.

 

Hörmətli Müəllimlər, çərçivə sənədi və imtahan nümunə sualları ilə tanış olmanızı tövsiyə edirik”.

 

Rüfət Əzizov qeyd edir ki, sertifikasiyanın məqsədi müəllimləri işdən kənarlaşdırmaq deyil:

 

“Müxtəlif qruplarda sertifikatlaşmanın məqsədi 30% müəllimin işdən azad olunmasıdır kimi yalan məlumatlar yayılmaqdadır. Bu kimi məlumatların məqsədi başa düşülməsə də, cəmiyyətdə çaşqınlıq və müəllimlərdə gərginlik yaratmaqdadır.

 

Hörmətli müəllimlər və media qurumları, sertifikatlaşma ilə bağlı yalnız rəsmi məlumatlara istinad etməyinizi xahiş edirik”.

 

Qeyd edək ki, sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.

 

Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları