http://www.position.az/ https://www.zirve.edu.az/
2022-04-05 13:27:34
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi

 

 2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə ölkədə ilk dəfə “I Uşaq Kitab Festivalı” keçirilib.

 

 

AzEdu.az ANAİB-ə istinadən xəbər verir ki, “Passage-1901”də keçirilən festivala iki gün ərzində iyirmi mindən çox ziyarətçi qatılıb, o cümlədən yüz məktəbdən iki yüz iyirmidən çox sinif iştirak edib.

 

2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan sərgidə on yeddi nəşriyyat, beş kitab mağazası, eləcə də ondan çox uşaq inkişaf mərkəzi və digər sahələri təmsil edən qurumlar iştirak edib.

 

Bundan başqa, uşaq bayramına “Hədəf Nəşrləri”nin dəvəti ilə Türkiyənin tanınmış uşaq yazıçısı Suat Turqut, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közxan Yazqan, türkoloq Bünyamin Ağsunqur da qatılıblar.

 

Festival çərçivəsində Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub.

 

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib, bu qəbildən olan festivalların, müsabiqələrin vacibliyindən danışıb.

 

Sərgi ilə tanış olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz fikirlərini bölüşüb, sərginin təşkilatçılarına təşəkkürünü çatdırıb. Komitə sədri qeyd edib ki, gələcəyimiz olan uşaqların kitabla, mütaliə ilə bağlılığını möhkəmləndirmək üçün bu kimi festivallar mütəmadi keçirilməlidir.

 

Onu da qeyd edək ki, iki gün davam edən festivalda hökumət və ictimaiyyət nümayəndələri, siyasətçilər, təhsil işçiləri, ədəbiyyat adamları, jurnalistlər, tələbələr, eləcə də bir çox kəsimdən olan şəxslər iştirak ediblər.

 

Festivalda təqdimatlar, imza mərasimləri, müxtəlif mövzuda masterklaslar, uşaqlar üçün əyləncəli proqramlar gerçəkləşdirilib.

 

ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, bu kimi festivalların davamlı olacağı nəzərdə tutulur.